Putinin Qarabağ planı açıqlandı
18:48 / 27.06.2016
2718
Ermənistanın ANİ araşdırmalar mərkəzi (rəhbəri Qarabağ üzrə ekspert Tatul Akopyandır) bəyan edir ki, diplomatik mənbələrdən Rusiya prezidentinin Qarabağ nizamlanmasına dair tərəflərə təqdim etdiyi planı əldə edib.
Plana əsasən Rusiya münaqişənin aralıq həll
variantını tapmağa çalışır və tərəflərə öz ideyasını verib. Bu haqda vereleq.am
saytı yazır.
İddia olunur ki, həmin nizamlama planı ilə
prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov tərəfləri tanış
ediblər. Əslində planda yeni heç nə yoxdur, ancaq münaqişənin mərhələli həllini
nəzərdə tutur və 1997-ci ildə tərəflərə təqdim edilmiş plana yaxındır.
Putinin planı iki əsas paketdən ibarətdir.
Birincisi: erməni qüvvələri işğal edilmiş
rayonların 5-dən (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı) çıxarılır.
İkincisi: Dağlıq Qarabağ möhkəm aralıq status
əldə edir, bu status regionun Azərbaycanın tərkibinə qaytarılmasını nəzərdə
tutmur, ancaq həmin status o demək deyil ki, Dağlıq Qarabağ görünən gələcəkdə
müstəqillik əldə edəcək.
Mərkəzin məlumatına görə Madrid prinsiplərində
və Kazan sənədində əksini tapmış öz müqəddəratını təyinetmə hüququ nizamlama
paketindən çıxarılmayıb, ancaq Putinin planında Dağlıq Qarabağda referendumun
keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınır.
Bildirilir ki, Azərbaycan ərazilərin
qaytarılması-statusun müəyyən edilməsi formuluna razıdır, ancaq bunda israr
edir ki, Qarabağ formal da olsa Azərbaycanın tərkibində olmalıdır. Çünki
Konstitusiyanın dəyişdirilməsi mümkün deyil. Əgər Azərbaycan Kazan sənədinə
razılıq versəydi o zaman ilk növbədə Konstitusiyanı dəyişdirməliydi.
Ermənistan isə Dağlıq Qarabağın Azərbaycanın
tərkibinə qayıtmasını nəzərdə tutan hansısa variantla razı deyil. Bu səbəbdən
Rusiya tərəfi yeni yanaşma təklif edir: 5 rayon-əvəzində Madrid prinsiplərində
təklif olunan aralıq statusdan daha möhkəm status. Bundan əlavə Putinin
təkliflərində Kəlbəcər və Laçının qaytarılması barədə heç nə deyilmir.
Xatırladaq ki, prezidentlərin iyunun 20-də
Sankt-Peterburqda keçirilmiş görüşündən sonra Azərbaycan Prezidenti
Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov
tərəflərin əvvəl 5 rayonunun, daha sonra 2 rayonunun qaytarılmasına dair
mərhələli plan əsasında danışıqları davam etdirməyə razılıq verdiyini
açıqlayıb. Rusiya XİN isə N.Məmmədovu "görüşün nəticələrini təhrif etməkdə”
günahlandırıb.
Bununla belə 5 rayonun birinci mərhələdə
qaytarılmasını nəzərdə tutan nizamlama planının Rusiya tərəfindən tərəflərə
təqdim edildiyi haqda məlumatlar çoxdandır yayılırdı.