"Əgər İrəvan Rusiyadan aldığı silah-sursata arxayındırsa, bu da nəticə verməyəcək" - Deputat
Sfera.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
O qeyd edib ki, qabaqlayıcı tədbirlərin nədən ibarət olduğunu şərh etməyə ehtiyac yoxdur, çünki ortada 44 günlük müharibə kimi təcrübə var. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa yolu yoxdur. Əgər İrəvan Rusiyadan aldığı silah-sursata arxayındırsa, bu da nəticə verməyəcək. Bu silahlanma sözsüz ki, yeni nəsil müharibənin qalibi olan Silahlı Qüvvələrlə müqayisəyə gələ bilməz.
Rəsmi Moskvanın mövqeyinə gəlincə, deputat vurğulayıb ki, Rusiya Ermənistanı silahlandırmamalı, 10 noyabr Bəyanatının müddəalarının icrasını pozan forpostunu konstruktivliyə məcbur etməlidir - rəsmi Bakının Moskvadan gözləntisi budur. "Rusiyadan gözləntimiz odur ki, üçtərəfli Bəyanatın bütün müddəaları yerinə yetirilsin. Çünki bu üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalamışlar və onların böyük qismi artıq gerçəkləşib. Amma bəzi məsələlər var ki, hələ də açıqdır. Gözləntimiz bundan ibarətdir” deyən dövlətimizin başçısı bölgənin aparıcı dövlətlərindən biri kimi Rusiyanı regionun təhlükəsizliyində rolunu xüsusi qeyd etdi. Hazırda əsas prioritet kommunikasiyaların açılmasıdır. Rəsmi Bakı haqlı olaraq bu məsələdə paralel açılmanın tərəfdarıdır. Prezident burada Ermənistanla digər nəqliyyat layihələrinin ola biləcəyini qeyd etməklə əməkdaşlıq imkanlarının geniş olduğunu bir daha diqqətə çatdırdı.
K.Nurullayeva diqqətə çatdırıb ki, yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni, Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bütün tərəflərin maraqlarına cavab verir.
(AZƏRTAC)






