Makronun zəngi Azərbaycan-Fransa münasibətlərinin gələcəyi üçün nə vəd edir?
Avqustun 5-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Sfera.az-ın məlumatına görə, "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bununla bağlı danışarkən qeyd edib ki, Makron açıq-aşkar Minsk Qrupu formatını canlandırmağa çalışır:
"Ona bu məsələdə Vaşiqnton da dəstək verir. Kreml bunun əleyhinə deyil, ancaq həmsədrlərin yenidən fəallaşması məsələsində Vaşinqton və Paris qədər israrçı olmadı. Çünki Kremlə Cənubi Qafqazda əsas rəqibləri – ABŞ və Fransa simasında tərəfdaş lazım deyil. Rusiya öz hərbçilərini Qarabağa göndərəndə də Vaşinqton və Parislə məsləhətləşməmişdi. Həmsədrlik institunun süni surətdə canlandırılması Azərbaycanın da maraqlarına cavab vermir”.
Politoloq Fransa ilə münasibətlərin istiləşməsini hələ bir müddət mümkün hesab etmir:
"Fransa Avropa İttifaqının iki aparıcı dövlətindən biridir. Buna görə də Azərbaycan Fransa ilə münasibətlərin normallaşmasını və Makrondan əvvəlki axarına qayıtmasını istəyir. Ancaq bu Emmanuel Makronun prezidentliyi dövründə alınmayacaq. Makron Azərbaycanın Qarabağ üzərindəki nəzarətini və Azərbaycanın Türkiyə ilə siyasi və hərbi ittifaqı reallığını qəbul etmək istəmir. Ona görə də Makronun Bakıya zənglərinin Fransa-Azərbaycan münasibətlərini indiki böhran vəziyyətindən çıxaracağını gözləmək əbəsdir. Bir müddət sonra Makron yenə ermənilərə simpatiyasını israr edən açıqlama verəcək”.
Xatırladaq ki, söhbət zamanı dövlət başçıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonrakı dövrdə regional məsələlər və Bəyanatın müddəalarının həyata keçirilməsi, Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyət və postmünaqişə dövründə regionda sabitlik və təhlükəsizliyin möhkəmləmləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıblar.
Günay Rəsulqızı
Sfera.az






