“Şuşa bəyannaməsi” yeni dövr üçün yol xəritəsidir - Açıqlama
"Bu sənəd yüksək səviyyəli ikitərəfli münasibətlərimizin yeni dövrü üçün yol xəritəsi hesab oluna bilər”.
Bu sözləri Sfera.az-a açıqlamasında iyunun 15-də Azərbaycan və Türkiyə arasında Şuşa şəhərində imzalanan Şuşa bəyannaməsinin ölkəmizin üçün əhəmiyyətindən danışarkən Milli Məclisin deputatı Elman Nəsirov deyib:
Deputat qeyd etdi ki, iki ölkə arasında münasibətlər hərbi müttəffiqlik səviyyəsinə yüksəlir: "Azərbaycan Prezidenti İlham Əliyev burada iki mühüm məqama xüsusi diqqət yetirmək lazım olduğunu söyləyib. Birincisi, sənəddə Azərbaycanla Türkiyə arasında müdafiə, müdafiə sənayesi sahəsində əməkdaşlığı özündə ehtiva edən bəndlər yer alıb. Söhbət ilk növbədə qarşılıqlı hərbi yardımdan gedir. Belədə münasibətlərimizin hərbi müttəfiqlik səviyyəsinə qalxdığını deyə bilərik. İki dövlət bir-birinə hərbi və müdafiə sahəsində dəstək göstərmək öhdəliyini növbəti dəfə bu sənəddə ifadə ediblər”.
Həmsöhbətimizin fikrincə, sənəddə ikinci mühüm amil iki dövlətin nəqliyyat-kommunikasiya məsələlərinə münasibətdə ortaq mövqe sərgiləməsilə bağlıdır: "Burada söhbət Zəngəzur dəhlizindən gedir. Açıq şəkildə hər iki dövlətin ali siyasi rəhbərliyi Zəngəzur dəhlizinin işə salınması ilə bağlı konkret, açıq mövqeyini ortaya qoyur. Məlum olduğu kimi, Ordubad-Naxçıvan dəmir yolu xətti mövcuddur. Onun natamam hissəsində tikinti işləri gedir. Horadizdən Ermənistanla sərhəddə yerləşən Ağbənddə qədər isə yeni dəmir yolu xəttinin çəkilişinə başlanılıb. Bundan sonra söhbət sadəcə 40 km. nəqliyyat dəhlizinin yaradılmasından gedir ki, hər iki dövləin başçısı bu məqama xüsusi diqqət yetirdi”.
E. Nəsirov bildirib ki, Şuşa bəyannaməsi altı tərəfli əməkdaşlığı şərtləndirəcək. "Bu bəyannamə tək Ermənistana deyil, bütün beynəlxalq ictimaiyyətə mesajdır. Bununla onlara belə bir mesaj göndərildi ki, Zəngəzur dəhlizi açılmalıdır və bu da nəticə etibarı ilə altı tərəfli əməkdaşlığı şərtləndirəcək. Nəticədə, Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran və Ermənistandan ibarət regionda mühüm bir əməkdaşlıq platforması formalaşa bilər. Şuşada Türkiyə konsulluğunun açılması planlaşdırılıb. Beləliklə, bütün sferalarda, hərbi, diplomatik sahədə münasibətlərimiz keyfiyyətcə yeni mərhələyə daxil olur. Bu hadisə Ermənistanda matəm kimi qarşılanıb. Ermənistan Xarici İşlər Nazirliyi və qondarma rejim tör-töküntüləri böyük narahatlıq içində bəyanat qəbul ediblər”.Rüfət SULTAN






