İrandakı seçkilərdə kimin qalib gəlməsi Azərbaycana sərf edir? - ŞƏRH
"İranda prezident seçkilərində iştirak etməyə buraxılmış 7 namizəd içərisində Qərb dairələrində xüsusi maraq doğuran iki namizəd mövcuddur. Bunlardan biri 66 yaşlı iqtisadçı Mərkəzi Bankın sədri Əbdülnasir Himməti, digəri isə keçmiş vitse Prezident Möhsin Mehrəlizadədir”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. O bildirib ki, İbrahim Rəisinin seçki marofonunda sona qədər mübarizə apararaq qalib gələcəyi proqnozlaşdırılır:
"Çünki prezident seçkisində potensial namizədlər hesab olunan keçmiş parlament spikeri Əli Laricani və hazırkı vitse-prezident İshaq Cahangiri Konstitusiya Nəzarət Şurası tərəfindən seçkiyə buraxılmayıb. Bununla da Rəisinin qələbəyə yolu təmizlənib. 60 yaşlı İbrahim Rəisi dini lider Ayətullah Əli Xameneyinin də ciddi şəkildə müdafiə etdiyi namizəd hesab olunur. 2019-cu ildə ali dini rəhbər onu İran Məhkəməsinin sədri kimi yüksək vəzifəyə təyin etmişdi. Rəisi İraq şiələrinin dini lideri olan Əli əl-Sistani ilə görüşmək məqsədi ilə bir neçə dəfə Nəcəfə səfər etsə də, Sistani onu qəbul etməmiş və bununla da İran mühafizəkarlarına münasibətini bildirmişdi”.
Müsahibimiz deyib ki, bu iki şəxs reformaçılar qanadına mənsub və İrandakı türk millətinin nümayəndələri olduqları üçün diqqəti cəlb edirlər:
"Dövlət televiziyasında debat zamanı mühafizəkar qanadı təmsil edən namizəd İbrahim Rəisi ilə Mehrəlizadə arasında baş verən dioloq bu baxımdan bu ilki seçkiyə öz damğasını vurub. O, ölkənin müxtəlif bölgələrində yaşayan "azərbaycanlılara” dəstəyə görə minnətdarlıq edərkən, Mehrəlizadə ona etiraz edərək bildirib ki, İranda Qərbi və Şərqi Azərbaycan, Həmədan, Zənzibar, İsfahan, Ərdəbil, Horasan və Xuzistanda yaşayan əhali onun ifadə etdiyi kimi "azəri dilində” deyil, "türk dilində” danışırlar və Rəisini ehtiyatlı olmağa dəvət edib. Bu hadisə çox böyük geopolitoloji məna daşıyan məsələlərdən xəbər verir və bu vaxta qədər keçirilən seçkilərin heç birində namizədlərin dövlət televiziyasında debatında müzakirə səviyyəsinə qədər qaldırılmamışdı”.
Qeyd edək ki, 18 iyun tarixində İranda prezident seçkiləri baş tutacaq.
Günay Rəsulqızı
Sfera.az






