"Rusiya ilə münasibətlərimizə xələl gətirməməliyik” - Deputat
Bunu Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. O bildirib ki, ölkə başçısı Rusiya ilə münasibətlərin yüksək səviyyədə inkişafını təmin etmək üçün lazımi addımlar atır:
"Rusiya ilə Azərbaycan arasında Gürcüstan və Ermənistandan fərqli olaraq, münasibətlər başqa müstəvidədir. 15 erməni diversatın qaytarılması müqabilində Ağdamın minalanmış ərazilərinin xəritəsinin qaytarılması ilə bağlı Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq da ciddi diplomatik uğurdur. Bu, uzun müddətdir aparılan danışıqların, fəaliyyətin nəticəsidir. Məsələnin "prosesdə Rusiyanın oyundankənar vəziyyətdə saxlanılması, Gürcüstan, ABŞ və Avropa İttifaqının iştirakı” kimi izahını tamamilə kənara qoyuram və düşünürəm ki, bu doğru yanaşma deyil. Azərbaycan bu gün Rusiya ilə bağlanmış bəyanatın şərtlərinə uyğun olaraq öz mövqeyini ortaya qoyur. Rusiyanı qıcıqlandırmadan addım-addım biz buna doğru gedirik”.
Müsahibimiz qeyd edib ki, bu gün Rusiyanı heç Amerika da qıcıqlandıra bilmir:
"Dünyanın bir nömrəli fövqəl dövləti, böyük iqtisadi, siyasi, hərbi gücə malik olan Amerika da Rusiya ilə ehtiyatla davranır. Biz belə bir durumda Rusiyaya qarşı sərt mövqe nümayiş etdirib nə qazanacağıq? Ona görə bu cür yanaşmaların mən Azərbaycanın milli və dövlət maraqlarına ziyan gətirəcəyi düşüncəsindəyəm. Biz Rusiya ilə münasibətlərimizə xələl gətirmədən digər dövlətlərlə də işimizi yüksək səviyyədə qurmalıyıq. Azərbaycanın xarici siyasəti azərbaycanyönlü siyasətdir. Nə rusiyayönlüdür, nə qərbyönlü, nə də amerikapərəstdir”.
Günay Rəsulqızı
Sfera.az






