Logo

Sabir Rüstəmxanlının 75 yaşı tamam olur

Sabir Rüstəmxanlının 75 yaşı tamam olur
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün ölkənin ictimai-siyasi həyatında, ədəbi fikir tarixində xüsusi yeri olan Xalq yazıçısı, deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının doğum günü, 75 illik yubileyidir.

Sabir Rüstəmxanlı 1946-cı il may ayının 20-də Yardımlının Hamarkənd kəndində anadan olub. 1963-cü ildə Yardımlı qəsəbə onbirillik məktəbini bitirib. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə başa vurub. 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan "Ədəbiyyat və incəsənət" qəzetində işə qəbul edilib. Bu sırada elmi işlə də məşğul olaraq Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını başa vurub. Dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələnən S.Rüstəmxanlı bədii ədəbiyyatla erkən yaşlarından məşğul olmağa başlayıb. 1967-1978-ci illər ərzində "Ədəbiyyat və incəsənət" qəzetində xüsusi müxbir və şöbə müdiri, 1978-1989-cu illər arasında isə "Yazıçı" nəşriyyatının baş redaktoru olub, yüzlərlə elmi, ədəbi-tənqidi, publisistik yazı çap etdirib.

S.Rüstəmxanlının ilk kitabı 1970-ci ildə nəşr edilib. O vaxtdan Azərbaycan, Türkiyə, Rusiya, İsveçdə 20-dən artıq şeir, nəsr, publisistika kitabları nəşr olunub.

Kitabları Azərbaycanın yüksək ədəbi mükafatlarına layiq görülüb, onun adını bütün türk dünyasında tanıtdırıb. "Ömür kitabı" adlı əsəri Azərbaycanda xalqın milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynayaraq 1988-ci il milli azadlıq hərəkatının mənəvi təməllərindən biri olub. İndi həmin kitab 10 dilə tərcümə edilib.

"Tanımaq istəsən", "Xəbər gözləyirəm", "Gəncə qapısı", "Sağ ol, ana dilim!", "Qan yaddaşı", "Zaman məndən keçir" və sair kimi şeir kitablarının, "Bütövlük", "Didərginlər", "Cavad xan", "Orxonla görüş" poemaların, "Bu sənin xalqındır" publisistik yazılarından ibarət əsərin, "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi (Cavad xan)", "Difai Fədailəri", "Sunami" romanlarının müəllifidir.

S.Rüstəmxanlı 1988-ci ildə başlanan milli azadlıq hərəkatının ilk təşkilatçılarından və liderlərindən, həmçinin Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olub.

1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan "Azərbaycan"ı təsis edərək iki il onun baş redaktoru olan S.Rüstəmxanlı 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsindən Parlamentə deputat seçilib.

1992-ci ildə bir qrup ziyalı ilə Vətəndaş Həmrəyliyi Partiyasını təsis edən S.Rüstəmxanlı hazırda da həmin partiyanın sədridir.

Sfera.az kollektivi adından Sabir Rüstəmxanlını təbrik edir, qarşıdakı illərdə ictimai-siyasi, eləcə də ədəbi fəaliyyətində uğurlar arzu edirik.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR