"Əsir kampaniyası"na qarşı hücum diplomatiyasını gücləndirməliyik" - Politoloq
"Biz haqlı olaraq 10 noyabrdan sonra ələ keçirdiyimiz erməni silahlılarını "əsir” hesab etmirik. Həmin Ermənistan vətəndaşları 10 noyabrdan sonra Azərbaycana göndərilib və hərbçilərimizə atəş açıblar. Ona görə onları terrorçu hesab edirik”.
Sfera.az-ın məlumatına görə, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq 10 noyabra qədər bütün əsirlərin təhvil verilməsinə baxmayaraq, Ermənistan hakimiyyətinin xaricdəki havadarları vasitəsilə aylardır Azərbaycana qarşı "əsir” kampaniyası təşkil etdiyini deyib:
"Açıq etiraf etmək lazımdır ki, Qərbin müxtəlif mərkəzlərindən dəstək görürlər. Ermənilər "əsir” mövzusundan Azərbaycana qarşı siyasi təzyiq aləti kimi istifadə edir. Fransa və ABŞ-dakı ermənipərəst dairələrin "əsir” mövzusunu qanunverici orqanlara çıxarılması da istisna deyil, artıq "təşəbbüs qrupları” formalaşıb.
Azərbaycan haqlıdır, ancaq Ermənistan, erməni lobbisi, Qərbdəki mərkəzlər bizi haqsız duruma sürükləmək istəyirlər. Ona görə də bizim nəzarətimizdə olan erməni terrorçuları barədə konsepsiyamız olmalıdır. Elə olmasın ki, təzyiq artdıqca biz onları sərbəst buraxmaq barədə qərar vermək məcburiyyətində qalaq”.
E.Şahinoğlu xatırladıb ki, erməni separatçıları illərlə iki Azərbaycan vətəndaşını həbsxanada saxlayıb:
"Günahları o idi ki, işğal altındakı ərazidə qohumlarının məzarlarını ziyarət etməyə getmişdilər. Biz vətəndaşlarımızı azad etmək üçün Qərbin heç bir siyasi mərkəzindən və ya beynəlxalq təşkilatdan dəstək ala bilmədik. Ancaq indi həmin mərkəzlər və beynəlxalq təşkilatlar erməni terrorçuları məsələsində bizə təzyiqi artırıblar. Ona görə həmin terrorçular üzərində məhkəmə işini sürətləndirməliyik.
Ya da onların bir qisminin sərbəst buraxılmasını şərtlərimizin yerinə yetirilməsiylə əlaqələndirməliyik. Bütün hallarda bu terrorçularla bağlı nə edəcəyimizi dəqiq müəyyənləşdirməliyik. Digər tərəfdən təzyiq qarşısında hücum diplomatiyasını gücləndirməliyik. Azərbaycanın ombudsmanının da fəallığını artırmasına ehtiyac var”.
Türkan
Sfera.az






