“Ermənistanda revanşizmin canlanması baş verəcək” - Politoloq
"Baydenin addımı Qarabağ məsələsində sülhün əldə edilməsinə mənfi təsir göstərə bilər”.
Bu sözləri Sfera.az-a açıqlamasında ABŞ prezidenti Co Baydenin qondarma erməni "soyqırımı”nı tanımasının Qafqazda cərəyan edən proseslərə təsiri və belə vəziyyətdə Azərbaycanın atmalı olduğu addımlardan danışarkən QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy deyib.
N. Cəfərsoy bildirib ki, ABŞ prezidentinin qondarma soyqırımı tanıması Qafqazda, xüsusən də Qarabağ ətrafında gedən proseslərdə bəzi neqativ təsirlər yarada bilər: "Böyük ehtimalla bu hal Ermənistanda revanşistlərin, Azərbaycan və Türkiyə ilə münasibətdə sərt mövqe tutanların ilhamlanması və cəmiyyətdə nüfuzlarının artmasına xidmət edəcək. Ermənistanda revanşizmin canlanması isə müharibə əhval-ruhiyyəsinin qızışmasına, Qarabağda, buna adekvat Azərbaycan Ermənistan münasibətlərində sülhün bərqərar olmasına mənfi təsir göstərən yanaşmadır”.
Politoloqun fikrincə, bu, Qafqazda sülh və əməkdaşlığa zərbə vuracaq bir qərardır: "Ermənistan reallığı baxımından Baydenin həmin açıqlaması düşmən ölkədə radikallar qüvvələrin gücləndirməyə xidmət edir. Eyni zamanda, anoloji vəziyyət Paşinyanı pis duruma sala, onun mövqeyini zəiflədə bilər. Onun Türkiyə ilə daha yumşaq mövqedən çıxış etmək imkanları daralacaq. Belədə həmin açıqlama, Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan münasibətlərində daha sərt yanaşmanı təşviq edə, ümumilikdə Qafqazda sülh və əməkdaşlıq mühitinə zərər verə bilər”.Bununla yanaşı, ekspertin qənaətincə, Baydenin addımı Vaşinqtonun Qafqaza marağının artdığının göstəricisidir: "Baş vermiş olay əməkdaşlıq prosesində yeni çalarlar da gündəmə gətirə bilər. ABŞ kəskin və ədalətsiz olan bu qərarı ilə Qafqaz regionunda fəallıq göstərmək istəyir. Ona görə Baydenin addımını Vaşinqtonun Qafqaza marağının artdığını göstərən bir amil kimi də göstərmək olar. Bu da öz növbəsində bölgədəki güc balansında müəyyən məqamları gündəmə gətirir. Məsələn, Rusiyanı balanslaşdıra, İranın regionudakı fəallığını məhdudlaşdıra da bilər”.
Bu səbəbdən həmsöhbətimizə görə, qondarma soyqırımın tanınması Baydenin manevr imkanlarını artırır: "Bu vəziyyətdə Bayden Ermənistan siyasətinə, Ankara ilə İrəvan arasında münasibətlərin inkişafına daha fəal şəkildə qoşulmaq imkanı qazanır. Bayden "soyqırım”ın tanınması fonunda Ermənistanı Türkiyə ilə əməkdaşlığa da təşviq edə bilər”.
Politoloq düşünür ki, bu fonda Azərbaycan Türkiyə ilə çoxtərəfli əməkdaşlığını daha da dərinləşdirməlidir: "Həm ikili münasibətlər, həm Qafqaz, həm türk birliyi, həm də Əfqanıstan, Pakistan, Türkiyə və Azərbaycan kontekstində münasibətlərimizi sürətlə dərinləşdirməliyik. ABŞ-ın təzyiq imkanlarını məhdudlaşdırmaq üçün bunlar zəruridir. Türkiyə və Azərbaycan, habelə Ermənistanla münasibətlərin normallaşdırılması prosesində birgə hərəkət etməlidir. Eyni zamanda, Turan hərbi blokunun yaradılması yolunda ilkin addımlara başlamalıyıq”.Elçin






