"Ümumbəşəri dəyərlərə vurulmuş ziyanın miqyasını zaman mütləq göstərəcək"
ABŞ əsrlər boyu dünya sivilizasiyası üçün demokratiyanın beşiyi,haqq və ədalət məkanı hesab olunurdu.Ötən il Kapitoliyaya edilən hücum, ABŞ kimi bir ölkədə prezident seçkilərinin saxtalaşdırılması ilə bağlı keçmiş dövlət başçısının iddiaları və seçkinin faktiki nəticələri göstərdi ki,Amerika öz tarixinin ən ağır dövrlərindən birini yaşayır.Fakt budur ki,Amerika cəmiyyətinin kəskin qütbləşməsi dünyaya, toxunulmaz hesab etdiyimiz demokratik dəyərlərə və ədalətin təntənə cəhdinə təsirsiz ötüşmür.Nəticəsi də budur. Peşəkar tarixçilərin münasibət bildirməli olduğu iddiaya onlar deyil,siyasətçilər qiymət verir.Böyük şairimiz Qabil demişkən:”Gərəksiz oluruq biz,səhv düşəndə yerimiz”.Bəlkə elə buna görə, ABŞ-ın keçmiş administrasiyaları son anda erməni lobbisinin təsir və təzyiqindən qurtula,ədalətli yanaşmaya üstünlük verə bilmişdilər. İndiki administrasiya bunu edə bilmədi və ya etmək istəmədi.Bununla da adını Türk dünyasının böyük tarixinə ermənilərin sərsəm xülyasının müdafiəçisi kimi yazdırmış oldu.Bu ad və bu xidmət cənab Baydenə hansı siyasi dividendləri qazandıra biləcək,bunu zaman göstərər.Amma onun Türk dünyasının tarixində aldığı yerin etdiyi əmələ uyğun olacağı indidən bəllidir.Türk sevməyi və dostluq etməyi bacardığı qədər,əksini də edə bilir. Hansı münasibətlə üzləşirsə,qarşılığını verməyi bacarır.Tarix bunu sübut edib...
Peşəkar tarixçi və ekspertlər tərəfindən obyektiv şəkildə tədqiq olunmamış 106 il əvvəlki hadisələrə siyasi `yön verməklə cənab Bayden Türk dünyasını məyus etdi, etibarlı dost və müttəfiqliyi ədalətsiz məsələdə gərəksiz sınağa çəkdi. Bu, prezident Baydenin öz seçimidir, xeyri də,ziyanı da şəxsinə aiddir. Amma siyasi maraqlar tarixi ədalətdən üstün tutulursa, yaxud onlar qarşı-qarşıya qoyulursa və ya haqq-ədalətin dəyərləndirilməsi siyasi təzyiq müstəvisinə keçirilirsə, bunun ümumbəşəri dəyərlərə vura biləcəyi ziyanın miqyasını da Zaman mütləq göstərəcək.
Milli Məclisin deputatı
Ülvi Quliyev






