Keçmiş səfirdən Qarabağla bağlı sensasion etiraf: Yeganə həll yolu müharibədir
"Vestnik Kavkaza”nın məlumatına görə, bu barədə Hoqland "The International Conflict Resolution Center” saytında dərc olunmuş məqaləsində bildirib.
Amerikalı nümayəndənin sözlərinə görə, COVİD-19 pandemiyasından əvvəl Minsk Qrupunun həmsədrləri hər altı həftədə bir bölgə ətrafında müntəzəm səfərlər ediblər, səfir Anjey Kasprşiklə birlikdə İrəvan və Bakıda Ermənistanın və Azərbaycanın yüksək vəzifəli rəsmiləri ilə görüşüblər, "DQR”-in "rəsmiləri” ilə görüşmək üçün Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərindən keçərək Dağlıq Qarabağa yollanıblar.
Onun sözlərinə görə, həmin səfərlər zamanı "beş ulduz”lu hotellərdə qalıblar, əlavə xərc tələb etmədən xüsusi yemək otağı və bara tam giriş imkanı verən apartamentdə yaşayıblar, ən yaxşı restoranlarda yemək yeyiblər.
"Ancaq açığı, çox, çox az şey əldə edildi”, - deyə Hoqland etiraf edib.
Həmsədr bildirib ki, bu səfərlər zamanı hər tərəfin öz mövqeyində möhkəm dayandığını və ən kiçik müvəqqəti kompromisi belə düşünmədiyini öyrənib.
"Bu qənaətə gəldim ki, Dağlıq Qarabağ problemini yalnız müharibə qətiyyətlə həll edəcək, baxmayaraq ki, bu fikri heç vaxt açıq şəkildə ifadə etməmişəm. Yenə də həmsədrlərlə buna riayət etməyə davam etdik”, - deyə o, vurğulayıb.






