Hansı səbəbdən bəzi məmurlar bundan imtina edir? - Əliyev
Sfera.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib.
"Təəssüflə qeyd etməliyik ki, belə bir məqamda bəzi məmurların irəli sürdüyü təkliflər olduqca absurd səslənir. Bəzən məmurların təkliflərinin əsasında dövlət mənafeyindən daha çox, şəxsi mənafe dayanır, bu cür münasibət isə qəbuledilməzdir.
Eyni zamanda, bəzi məmurların onlara edilən müraciətlərə yanaşma tərzləri olduqca qəbuledilməzdir. Belə ki, vəzifəli şəxslərə edilən müraciətlər zamanı onlar hər hansı bir problemin həlli üçün yalnız onlara fərdi qaydada müraciət etdikdən sonra məsələnin həllinin mümkün olacağını bildirirlər. Əfsuslar olsun ki, bəzən hər hansı bir məsələnin həlli üçün müvafiq icra hakimiyyəti orqanının rəhbərliyi ilə əlaqə saxlamaq müşkül məsələyə çevrilir. Belə olduqda isə sadə vətəndaşların həmin məmurların qəbuluna düşməsi, problemlərinin həll edilməsi demək olar mümkün deyil.
Dövlətimizin başçısı öz çıxışlarında dəfələrlə deyib ki, hər bir məmur ona göstərilən etimadı doğrultmalıdır. Göstərilən etimadı doğrultmayanların, qanunsuz əməllər törədənlərin ilkin mərhələdə vəzifələrini, bəzi hallarda isə azadlıqlarını itirmələrinin dəfələrlə şahidi olmuşuq. Bu gün vəzifənin və ya səlahiyyətin həcmindən asılı olmayaraq, əsas amalımız Azərbaycan Prezidentinin formalaşdırdığı siyasi iradəyə uyğun olaraq dövlətə, dövlətçiliyə, vətəndaşlarımıza xidmətdir. Əgər əsas hədəf budursa, hansı səbəbdən bəzi məmurlar əlçatan olmaqdan imtina edir, görüşlərdən, telefon zənglərindən qaçır və sonda vətəndaşların problemləri daha da dərinləşir.
Bəzi hallarda vətəndaşların müraciətləri təmin olunmadığı üçün daha yuxarı qurumlara müraciətlər edilir, vətəndaşın məmurun qəbuluna düşməsi isə indiki məqamda mümkün deyil. Başadüşüləndir ki, indi pandemiyadır və hazırkı məqamda qəbul mümkün deyil, amma ən azından müraciətlərə baxılaraq onların qanunvericiliyin tələblərinə uyğun həlli mümkündür. Lakin bəzi məmurlar sanki özlərini bütün cəmiyyətdən təcrid ediblər. Belə hallar heç xoşagələn deyil və cəmiyyətdə olan xoş əhval-ruhiyyənin, mehribançılığın, inamın əleyhinə yönələn yolverilməz hərəkətlərdir.
Ümid edirik ki, Prezident İlham Əliyevin Şuşanın məmurlar paytaxtı yox, mədəniyyət paytaxtı elan edildiyi barədə fikirləri hamı üçün dərs olacaq. Çünki bu gün hər kəs torpaqlarımızın işğaldan azad edilməsinin cəmiyyətdə yaratdığı xoş ovqatın daimi olması istiqamətində əlindən gələni etməlidir. Axı, qarşıda bizi daha böyük işlər gözləyir. Bunların içərisində ən mühümü isə işğaldan azad olunmuş ərazilərimizin dirçəldilməsi və oraya böyük qayıdışın təmin edilməsidir", - A.Əliyev qeyd edib.






