Erməni hökuməti qondarma “DQR” tanınmasına dair qanun layihəsinə rəy verdi - YENİLƏNİB
Ermənistan hökuməti qondarma "Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımaq haqqında qanun layihəsini təsdiqlədi.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, qanun layihəsini cümə axşamı hökumətin iclasında Ermənistanın XİN rəhbəri Şavarş Koçaryan təqdim edib.
Qanun layihəsinə parlamentin mayın 10-da keçiriləcək növbədənkənar iclasında baxılacaq.
12.30
Ermənistan hökuməti cümə axşamı keçirdiyi iclasda "Dağlıq Qarabağ Respublikası”nın tanınmasına dair qanun layihəsinə rəy verib.
Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş rəydə, qanun layihəsinin qəbulu Ermənistan və qondarma "DQR” nümayəndələri arasında müzakirələrin nəticəsindən asılı olduğu və mümkün gələcək proseslər, o cümlədən də xarici amillər ilə şərtləndiyi qeyd edilir.
Müəllifi deputatlar Zarui Postancyan və Qrant Baqratyan olan qanun layihəsinə görə, Ermənistan respublikası qondarma "Artsax respublikası”nı tanıyır.
Hökumətin qərarından sonra Zarui Postancyan jurnalistlərə deyib ki, bununla da Nazirlər Kabineti "DQR”nın tanınması prosesini təsdiqlədi.
Qeyd edək ki, daha öncə Azərbaycan XİN bəyan etmişdi ki, Azərbaycanın işğal edilmiş topraqlarında yaradılmış rejimin Ermənistan tərəfindən tanınması, Ermənistan tərəfindən Minsk prosesinin dayandılrılması deməkdir, bu halda isə Minsk qrupunun danışıqlar aparmağa mandatı olmayacaq.