"Türkiyə-Ermənistan münasibətləri ancaq bu yolla düzələ bilər"- Fərid Şəfiyev
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında Qarabağ üzrə razılaşmanın Ankara və İrəvan arasında münasibətlərə müsbət təsir edə biləcəyini deyib.
Maraqlıdır, Qarabağda sülhün əldə olunması Türkiyə və Ermənistan arasında gərginliyi azalda biləcək? Münasibətlərin tədricən mülayimləşməsi ermənilərin qondarma soyqırım iddialarını arxa plana ata bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Türkiyə və Ermənistan arasında münasibətlərin müsbətə doğru irəliləməsinin indiki halda yalnız Ermənistandan aslı olduğunu bildirib:
"Ermənistanın Türkiyə ilə münasibətlərinin düzəlməsi üçün ənənəvi siyasətindən əl çəkməsi lazımdır. Lakin indi bu mümkün görünmür. Çünki onlar Dağlıq Qarabağın müqəddəratının həll olunması ilə bağlı 4 prinsip irəli sürür. Lakin potensialda görünür ki, Türkiyə ilə Ermənistanın əlaqələri inkişaf edə bilər. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın müşaviri Jirayr Liparityan da bildirmişdi ki, Türkiyə və Azərbaycanla Ermənistanın münasibətinin dəyişdirilməsi Ermənistanın gələcəyi deməkdir və siyasət modeli dəyişdirilməlidir.
Maraqlıdır ki, 92-ci ilin qış aylarında Ermənistanda vəziyyət çətin olanda Türkiyə onlara kömək olaraq taxıl göndərmişdi. Yəni, artıq bu təcrübə var, sadəcə Ermənistan öz düşmən mövqeyindən əl çəkməlidir".
Politoloq qondarma soyqırım məsləsini daha çox erməni diasporunun qaldırdığına da diqqət çəkib:
"Ermənilərin qondarma soyqırım məsələsini daha çox erməni diasporu qaldırır. Məsələn, prezident Levon Ter-Petrosyan hökuməti bu məsələnin qaldırılmasından imtina etmişdi. Lakin diaspor öz mövqeyindən çəkmir. Əgər Ermənistan Türkiyə ilə münasibətləri qaydaya salmaq istəyirsə bu soyqırım söhbətini bağlamalıdır".
Sfera.az
Əzizə Zeynal






