İrəvan qorxur: Bakı iki saata bu rejimi devirəcək – Kremlin “Qarabağ planı”

İrəvan qorxur: Bakı iki saata bu rejimi devirəcək – Kremlin “Qarabağ planı”
"Moskva Qarabağ münaqişəsinin nizama salınması üçün detalları hazırlayıb və ən yaxın günlərdə tərəflər danışıqlar masası arxasına keçəcək”.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın "Kommersant” nəşri Kremldəki yüksək vəzifəli mənbəyə istinadən xəbər verir.

Mənbə detalları tam açıqlamasa da, bunun ümumi olaraq "Kazan düsturu”na yaxın olduğunu deyib.

"Hansı ki, 2011-ci ildə Dmitri Medvedyevin təşəbbüsü ilə Tatarıstanın paytaxtı Kazanda prezidentlərin görüşündə müzakirə olunmuşdu. Bu, erməni hərbiçilərinin yerləşdirildiyi Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Füzuli və Ağdam, həmçinin, Laçının 13 kəndinin qaytarılması deməkdir. Laçın dəhlizi Dağlıq Qarabağın statusunun müəyyən olunmasına qədər saxlanılır. Statusun müəyyən olunması isə qaçqınların geri qayıtmasından sonra keçiriləcək referendumla həll olunur. Lakin 2011-ci ildə Azərbaycan və Ermənistan liderləri güzəştə nail ola bilmədilər”, - deyə "Kommersant” yazır.

Ermənistan hökumətindəki mənbə "Kommersant”-a dedikləri isə qarşı tərəfin konstruktiv mövqedən geri çəkildiyini aydın şəkildə göstərir.

"Ermənistan tərəfi Rusiya vasitəçiliyi ilə daha əvvəl nail olunmuş razılığın müzakirəsinə qayıtmağa hazırdır. Qarabağ ətrafındakı rayonlar qaytarılır. Lakin Dağlıq Qarabağın müstəqilliyinin tanınması şərti ilə. Biz bunu zəmanət olaraq irəli sürürük. Çünki rayonlar qaytarıldıqdan sonra Azərbaycan Qarabağda mövcud hakimiyyəti iki saat ərzində devirəcək və heç kim buna müdaxilə edə bilməyəcək. Ona görə də biz heç vaxt Qarabağın müstəqilliyinin tanınması şərtindən geri çəkilməyəcəyik”, - deyə İrəvandakı mənbə bildirib.

Bu, Ermənistan tərəfinin əvvəlki kimi qeyri-konstruktiv mövqeyindən əl çəkmədiyini bir daha sübut edir.

"Kommersant” isə qeyd edir ki, Dağlıq Qarabağda kəskin eskalasiya Moskvanı münaqişənin həllini prioritet istiqamət seçməyə məcbur etdi: "Şəxsən prezident Putin məsələni nəzarətə götürüb. Onun "Birbaşa xətt” proqramında "Moskva regionda kövrək status-kvonun təhlükəsini anlayır və bunun Qarabağda uzunmüddətli həll nail olmağa çalışır” deyə bildirməsi də bunu göstərdi”.

"PİR” mərkəzinin idarə heyətinin üzvü, politoloq Dmitri Polikonov hesab edir ki, Bakı və İrəvanın mövqeyi əvvəlki illərə nisbətən daha da kəskinləşib: "Buna görə də tərəflərin 5 il öncəki sülh təkliflərinə avtomatik olaraq qayıtması çətin görünür. Bununla belə prezident Putin münaqişəni ölü nöqtədən tərpətməyə hazırdır. Fikrimcə, Moskvanın münaqişənin həllində aktivləşməsi vaxtında atılmış addımdır. Birincisi, bu, Rusiyanın müxtəlif istiqamətlərdə sülh səylərini göstərir, onun qlobal və regional gücünə işarə edir. İkincisi, Rusiyanın son səyləri post-sovet məkanında dondurulmuş münaqişələrin qızğın tərəfdarı kimi ölkənin imicini yüksəldir”.

"Karnegi” fondunun Moskva bürosunun eksperti Aleksey Malaşenko isə Moskvanın Qarabağ münaqişəsində fəallaşmasını başqa cür izah edir.

"Bu, yeni geosiyasi dividentlər qazanmaqdan daha çox, Ermənistan və Azərbaycan arasında yeni müharibəyə qarşı atılmış addımdır”, - deyə o bildirib.

Ekspertin fikrincə, Putinin aktiv hərəkətlərinə səbəb Ermənistan və Azərbaycanla münasibətlərdir: "Ermənistan KTMT-nin üzvüdür və hesab edirdi ki, yeni eskalasiyada təşkilat ona açıq dəstək verəcək. Lakin Moskvanın açıq dəstək verməməsi və Azərbaycana silah satışını dayandırmayacağını bildirməsi Ermənistandan onun imicini zədələyib. Rusiya indi o imici düzəltməlidir, həmçinin, Azərbaycanla da münasibətləri pozmamalıdır”.

OXŞAR XƏBƏRLƏR