Lobbistdən gənclər təşkilatlarına tənqid: “Brüsseldə gördüklərimdən təəssüflənməmək olmur...”
Etiraz zamanı Belçikada olan "Facebook”un fəal istifadəçisi, bir vaxtlar SOCAR-ın Brüsseldəki təmsilçisi, hazırda Avropada peşəkar lobbist olaraq fəaliyyət göstərən Vüsal Məmmədov öz müşahidələrini bölüşüb.
O, özünün "Facebook” səhifəsində bu barədə yazıb:
"2 gündür Brüsseldəyəm və gördüklərimdən təəssüflənməmək olmur. Bir nəfər Diaspora "fəalı", bir nəfər də olsun Gənclər Təşkilatı "lideri" görmək olmur.
Hanı bəs vətənə xidmət medallı diasporaçılar, ilin gəncləri və s. ? Bu sahəyə məsul olan şəxslər bunu necə izah edə bilər?
Gənclər Fonduna il ərzində neçə milyon vəsait ayrılır, göstərə bilərlər ki, bax bunları eləmişik, bunları da edəcəyik? Tədbir, gəzinti, treninq demirəm, o boldur, maşallah. Vətənə xidmət indi lazımdır, amma heç biriniz ortada yoxsunuz.
Görüşülən Avropa İttifaqı rəsmiləri etiraf edir ki, gün ərzində 30-a yaxın erməni fəalı ya email yazır, ya zəng edir, Azərbaycan tərəfindən isə maksimum 2 nəfər. Sonra da şikayət edirik ki, dünya ədalətsizdir.
Ədaləti bərpa üçün nə etmişik ki?!
Bütün Brüssel dünənki erməni diasporası mitinqindən danışır. 10 milyon Azərbaycan və 70 milyon Türkiyə meydana adam tapıb çıxara bilmədi?!”.






