İlham Əliyevə Fransadan MÜRACİƏT: "Hər bir azərbaycanlı Sizi dəstəkləməlidir"
Sfera.az həmin məktubu təqdim edir:
"Cənab Ali Baş Komandan İlham Əliyev!
İlk növbədə Cəbrayıl rayonunun və bir sıra kənd və qəsəbələrimizin 30 ildən sonra düşmən işğalından azad olması münasibəti ilə sizi təbrik edir və milli ordumuzun ən qısa zamanda bütün işğal olunmuş torpaqlarımızı təkrar azad etməsini arzulayıram.
Xüsusiylə, düşmənin mülki əhaliyə qarşı silahlı təxribatına cavab olaraq əks-hücum əmri verdiyiniz ilk günlərdə ata-baba yurdumuz Böyük Mərcanlı kəndinin yenidən azad edilməsi, bizim ailədə çox böyük sevinclə qarşılanmışdır.
Bu gün aparılan uğurlu hərbi əməliyyatlarda, sizin cəsarətinizin, qətiyyətinizin və əzminizin rolu böyükdür!
Bu gün, Azərbaycanın bu haqlı davasında, etnikindən, dinindən, siyasi mənsubiyyətindən və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı sizi bir mənalı olaraq dəstəkləməkdədir!
Bu gün biz XALQ və DÖVLƏTin əyani vəhdətini yaşayırıq.
Cənab Prezident!
2000-ci ildən başlayaraq keçən 20 ilə yaxın dövr ərzində professional iş həyatımda, jurnalist fəaliyyətimdə, çalışdığım yerli, xarici və beynəlxalq media qurumlarında öz peşə fəaliyyətimi layiqincə yerinə yetirməklə aktiv vətəndaş mövqeyi ortaya qoymuşam.
İştirak etdiyim müxtəlif mövzulu beynəlxalq tədbirlərdə, konfranslarda və forumlarda hər zaman Azərbaycanın milli maraqlarını öndə tutmuş, öz ölkəmi layiqincə təmsil etməyə çalışmışam.
Azərbaycandan kənarda yaşadığım 20 illik zaman dilimində ölkə xaricində diaspora fəaliyyətimizin inkişaf etdirilməsində, tariximizin, mədəniyyətimizin və ümumilikdə ölkəmizin tanıdılmasına, özünə layiq yer tutmasında yaxından iştirak etmişəm.
Avropa ölkələrinin siyasi qurumlarında (Fransa senatı, Almaniya buntestaqı), beynəlxalq təşkilatlarda (UNESCO, Avropa Şurası, Avropa Parlamenti) gənclər forumunun təşkilatçısı olmaqla ölkə xaricindəki Azərbaycan gəncliyini milli maraqlarımız çərçivəsində ölkəmizin tanıdılması prosesinə cəlb etmişəm.
Avropa ölkələrində Azərbaycana qarşı maraq oyadılmasında, ölkəmizin irsi, tarixi və mədəni zənginliklərinin Fransa başda olmaqla bir çox Avropa ölkəsində tanıtdırılmasında xüsusi əməyim və fəaliyyətim olub.
Azərbaycanın milli maraqlarının, dövlətçilik maraqlarımızın ölkəmizdən kənarda qorunmasında və inkişaf etdirilməsində bir başa rol almışam.
Mənşəyi bəlli yaxud bəlli olmayan müxtəlif güc mərkəzləri, etnik, siyasi qruplaşmalar tərəfindən ölkəmizin əleyhinə aparılan destruktiv fəaliyyyətlərə, saxta təbliğatlara, təşkil olunan tədbirlərə qarşı çıxmışam, öz etiraz səsimizi ucaltmışıq və ortaya kəskin mövqe qoymuşuq.
Bu gün də, Qarabağ işğalını və torpaqlarımızı işğaldan azad etmək üçün apardığımız haqlı davanı Fransa ictimaiyyətinə təbliğ etməklə, Fransa mediasıyla və bu ölkənin siyasətçiləriylə gündəlik əlaqələr yaradaraq öz mövqeyimizi aydın şəkildə çatdırmağa çalışıram.
Cənab Prezident!
Azərbaycanın bir ölkə və suveren bir respublika olaraq istər öz regionunda, istərsə də beynəlxalq aləmdə güclənməsi, geo-politik olaraq siyasi rol alması böyük hadisədir və bu gün başda ABŞ, Rusiya kimi qlobal aparıcı ölkələr və Avropa Birliyi olmaqla Azərbaycanın istər siyasi, istər coğrafi baxımdan əhəmiyyətini qəbul etməkdədirlər.
Güclü daxili siyasəti olan, sosial rifahı, azad bazar iqtisadiyyatını, təhsil və səhiyyə kimi təməl sektorların sürətli inkişafını, demokratik islahatları, vətəndaş və hüquq bərabərliyini dəstəkləyən Azərbaycanın qısa zaman içində öz regionunda və dünyada seçilən ölkələr arasına girməsi qaçınılmazdır.
Ölkə daxilində böyük əzmlə başlatdığınız islahat dalğası, məndə Azərbaycanın parlaq gələcəyi ilə bağlı ümidlərimi daha da artırır.
Bu islahatlar, ölkəmizin bütün sahələrdə dinamik inkişafını təmin etmək vacibliyi yaradır.
Həmçinin islahatlar, Azərbaycan dövlətçiliyinin, təməl dəyərlərimizin gücləndirilməsi məqsədi daşıyır.
Cənab Prezident!
Bu müraciəti sizə ünvanlamaqla konstruktiv siyasət anlayışına inandığımı vurğulamaqla yanaşı, Azərbaycanın respublika olaraq suverenliyinin qorunması, Azərbaycan dövlətçiliyinin sağlam təməllərə dayanması və inkişafı, Azərbaycanın mədəni və tarixi irsinin qorunması və tanıdılması prosesində uzunillik təcrübə və biliklərim əsasında öz tövhəmi vermə istəyimi bəyan edirəm.
20 ildir, vətəndən kənarda yaşayan bir azərbaycanlı olaraq bu müddət ərzində əldə etdiyim ali təhsil və bir sıra sahələrdə qazandığım iş təcrübəmi Azərbaycanımızın və dövlətçiliyimizin inkişafı yolunda istifadə etmək mənim üçün sadəcə böyük şərəf və qürur qaynağı olacaqdır.
10 il öncə, ölkədəki sosial-siyasi problemlər göstərdiyim və islahat çağırışları etdiyim üçün, Əli Həsənov, Ramiz Mehdiyev və onların dəstəsinin siyasi repressiyasına məruz qalaraq haqqımda heç bir əsas olmadan qondarma cinayət işi açıldı.
Bu gün artıq hakimiyyətdaxilində bu cür köhnə təfəkkürlü, islahatlara qarşı olan, Azərbaycanın gələcək inkişafına buxov taxan, feodal zehniyyətli, rüşvətxor məmurların bir-bir vəzifəsindən uzaqlaşdırılması bizi ancaq sevindirməkdədir.
Bu mənada yazdığım bu məktubun davamı olaraq vətəndaşı olduğum ölkənin başçısı kimi, öz fövqəladə səlahiyyətlərinizdən istifadə edərək 10 il öncə siyasi-ictimai fəaliyyətimlə bağlı haqqımda açılan cinayət işinə xitam verilməsinə, haqqımda çıxarılan axtarış tədbirlərinin dayandırılmasına və buna paralel olaraq 10 ildir gələ bilmədiyim doğma vətənə qayıtmağıma öz köməkliyinizi əsirgəməməyinizi xahiş edirəm.
Cənab Ali Baş Komandan!
Bu gün biz olduqca əhəmiyyətli bir dövrü yaşayırıq.
Torpaqlarımızın düşmən işğalından azad olması uğrunda başlatdığınız və qətiyyətlə davam etdirməkdə olduğunuz bu döyüşdə bir mənalı olaraq öz dəstəyimi vurğulamaqla yanaşı, bu prosesdə iştirak arzumu sizə çatdırmaq istəyirəm.
Uzun illər jurnalist fəaliyyəti ilə məşğul olan biri kimi, ən böyük arzularımdan biri, Qarabağ və ətraf rayonlarımızın işğaldan azad olunmasını işıqlandırmaq, reportajlar hazırlamaq və müxtəlif dillərdə canlı olaraq dünya ictimaiyyətinə çatdırmaq olmuşdur.
Bu gün bir daha buna hazır olduğumu, istənilən zaman Azərbaycana qayıdaraq səngərdən, döyüş bölgəsindən çəkiliş etməyə və dünya ictimaiyyətinə çatdırmağa hazır olduğumu bəyan edirəm.
Diqqətinizə görə təşəkkür edir və bundan sonrakı fəaliyyətinizdə də daha böyük uğurlar arzulayıram".
Hörmətlə
Elnur Məcidli
Paris / Fransa







