Azərbaycan Prezidentinin BMT-nin yubileyi münasibətilə çıxışı ölkəmizin dünya miqyasında nüfuzunun göstəricisidir
Sfera.az xəbər verir ki, bu fikirləri azərtac-a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib.
E.Allahverdiyev diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti çıxış və iştirak etdiyi yüksək tribunalardan hər zaman Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində fəal siyasət aparır. Dövlətimizin başçısının dünyanın ən böyük təşkilatı olan BMT-nin 75 illiyi münasibətilə Qoşulmama Hərəkatının sədri kimi 120 ölkə adından çıxışı ölkəmizin dünya miqyasında nüfuzunun göstəricisidir.
Deputat xatırladıb ki, Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan fəaliyyətini Bandunq prinsipləri – dövlətlərin ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq, qarşılıqlı mənafelərin qorunması və sərhədlərin zorla dəyişdirilməsinin yolverilməzliyi üzərində qurub. Qəbul edildiyi gündən Bandunq prinsipləri onlara sadiqliyini bəyan edən dövlətləri soyuq müharibə dönəmində istiqamətləndirib. Soyuq müharibədən sonra qarşı-qarşıya dayanan iki blokun mövcud olmaması Bandunq prinsiplərinin əhəmiyyətini və qüvvəsini heç də azaltmayıb. Əksinə, sülh və inkişafa dair mürəkkəb çağırışların fonunda onlar bu gün hər zaman olduğundan daha əhəmiyyətlidir. Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində qurması, quruma sədrliyi dövründə keçirdiyi tədbirlər xüsusi əhəmiyyətə malikdir.
Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma siyasəti aparmasını beynəlxalq hüquqa zidd olduğunu vurğulayan deputat bildirib ki, bu azmış kimi, işğalçı ölkə həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidləri məhv edir, özününküləşdirir. Faşist ideologiyasına xidmət edən Ermənistanda Azərbaycanafobiya siyasəti hökm sürür və bu ölkədə gənc nəslə xalqımıza qarşı nifrət aşılanır.
"Dağlıq Qarabağ qədim, əzəli Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Xalqımız səbirsizliklə işğal altındakı torpaqlarımızın azad olunmasını gözləyir. Erməni təxribatlarının qarşısını almaq üçün xalq-iqtidar, xalq-ordu birliyi güclü olmalıdır. Bu gün cəmiyyətimizdə yüksək əhval-ruhiyyə var. Xalqımız heç vaxt işğalla barışmayıb və bu gün də barışmır. Səbir kasası dolan Azərbaycan xalqı problemin müharibə yolu ilə olsa da, həllini istəyir. Azərbaycanda xalq-iqtidar arasında güclü birlik var. Məhz bu birlik sayəsində biz haqqımız olanı geri qaytaracağıq”,- deyə deputat fikirlərini yekunlaşdırıb.






