Deputat: "Xalqımızın milli birlik nümayiş etdirməsi ordumuzun ermənilərə verdiyi cavab qədər önəmlidir"
Mövzu ilə bağlı qaynarinfo-ya açıqlama verən millət vəkili Hikmət Babaoğlu xalqımızın milli birlik və həmrəylik nümayiş etdirməsinin ordumuzun ermənilərə verdiyi cavab qədər önəmli olduğunu deyib. O qeyd edib ki, Tovuz rayonu ilə sərhəddə baş verən erməni təxribatından sonra ortaya bir sıra mühüm həqiqətlər çıxıb:
"Bunlardan birincisi Azərbaycan ordusunun öz gücünü göstərməsi olub. Azərbaycan ordusu erməni təxribatçılarına layiqli cavab verib və onları yerində oturdub.
Bu prosesdə ikinci mühüm məsələ Azərbaycan xalqının öz ordusunun və ali baş komandanının arxasında dayanması idi: "İyulun 15-də Bakıda Azərbaycan ordusuna və ölkə başçısına keçirilən dəstək yürüşü bir daha sübut etdi ki, xalqımızda vətənpərvərlik ruhu yüksəkdir və öz torpaqlarını azad etmək əzmindədir”.
H.Babaoğlu hesab edir ki, müxtəlif dövlət qurumları və təşkilatlarının orduya dəstək aksiyaları təşkil etməsi də xalqın birlik və həmrəyliyinin ifadəsidir:
"Özünün bütün təhsisatları, dövlət qurumları, qeyri-hökumət təşkilatları, ictimai institutları ilə birlikdə ən müxtəlif özəl, elmi, istehsal şirkətləri də daxil olmaqla bütün dairələrdə Azərbaycan xalqı bir olmağı, vahid olmağı bacardı. Orduya dəstək nümayiş edildi və bununla bağlı müxtəlif aksiyalar təşkil edildi. Buna Bakı Nəqliyyat Agentliyinin təşkil etdiyi təkərlərin göndərilməsi ilə bağlı həyata keçirilən aksiyanı da aid etmək olar. Bu da orduya dəstəyin əyani formasıdır”.






