Şəki Xan Sarayındakı olayda günahkar kimdir? – MƏSULİYYƏTSİZLİK, YOXSA…

Şəki Xan Sarayındakı olayda günahkar kimdir? – MƏSULİYYƏTSİZLİK, YOXSA…

"Tarixi abidələrin təhlükəsizliyinə bu obyektlərin rəhbərliyi və məsul şəxsləri cavabdehdir”.


Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda fəaliyyət göstərən tarixi abidələrin və ora gələn turistlərin təhlükəsizliyi məsələsinə kimlərin cavabdehlik daşıdığı məsələsinə aydınlıq gətirərkən Dövlət Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.


Həmsöhbətimiz qeyd etdi ki, ölkəmizdə təəssüf ki, ancaq bədbəxt hadisə baş verdikdən sonra ona qarşı mübarizə tədbirləri barədə düşünürük: "Ümumiyyətlə, turizm obyektlərində, tarixi abidələrin mühafizəsi ilə yanaşı təhlükəsizlik tədbirləri də öndə gəlməlidir. Ancaq görünən odur ki, tarixi abidələr də daxil turizm obyektlərinin təhlükəsizlik məsələlərinə diqqət və məsuliyyətlə yanaşmırlar. Bu istiqamətdə monitorinqlər keçirilməlidir. Bu monitorinqlər nəticəsində aşkara çıxan səhv, yanlışlıq və nöqsanların aradan qaldırılması üçün tədbirlər planı hazırlanıb, həmin qüsurların aradan qaldırılması istiqamətində çevik addımlar atılmalıdır.Tarixi abidələrin təhlükəsizliyinə isə belə obyektlərin rəhbərləri və məsuliyyətli şəxsləri cavabdeh daşıyır. Vəzifə təlimatında da belə abidələrin təhlükəsizlik məsələlərinə kimlərin cavabdehlik daşıdığı öz əksini tapıb”.


M. Ağakərimov sözügedən abidələr və onun ətrafında təhlükəsizliyin təmin olunması üçün önləyici tədbirlərin görülməməsinin səhlənkarlıq və baxımsızlıqdan qaynaqlandığını bildirdi: "Şəki Xan Sarayında baş verən olay onu göstərdi ki, belə abidələrin təhlükəsizliyilə bağlı əksər hallarda önləyici tədbirlər görülmür. Tarixi abidələrin təhlükəsizliyilə bağlı önləyici tədbirlərin görülməməsi isə ona cavabdeh şəxs və ya qurumların səhlənkarlığından xəbər verir. Belə hadisələrin bilərəkdən baş verməsi də istisna deyil”.


Qeyd edək ki, dünən günorta saatlarında Şəki Xan sarayı qarşısındakı çinar ağacının budağı qırılaraq yerə düşüb. Nəticədə ilkin məlumata görə içərisində xarici turistlər də olmaqla 19 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR