Sarkisyanın istefası Ermənistana nə vəd edir? – Şərh
12:16 / 24.01.2022
1073
Ermənistan Prezidenti Armen Sarkisyanın gözlənilməz
istefa qərarı gündəmin başlıca müzakirə mövzularındandır. Maraqlıdır, Armen Sərkisyan
vəzifəsindən niyə və ya kimin istəyi ilə istefa verib?
Sarkisyanın özü istefasını onunla əsaslandırdı
ki, guya onun əlində daxili və xarici siyasətə təsir edəcək imkanlar yoxdur. Sarkisyanın
bu açıqlaması gülünc və bir o qədər də absurddur. Məsələ ondadır ki, Ermənistan
Konstitusiyasında prezidentin səlahiyyətləri açıq-aşkar göstərilir. Hər halda
bunu Armen Sarkisyan özü də bilməmiş deyil.
Hesab edirəm ki, Armen Sərkisyanın vəzifəsindən
istefa verməsinin əsas səbəbi birbaşa onun özü ilə bağlıdır. Belə ki, Sarkisyan
prezident olanda Ermənistanın Baş nazir Serj Sərkisyan idi. Serj Sərkisyanın
Kremlə sadiq olması Armen Sərkisyanı Ermənistan prezidenti olmaqla kifayətləndirirdi.
Lakin Nikol Paşinyanın gözlənilmədən, özü də inqilabla hakimiyyətə gəlməsi
Armen Sərkisyanın hakimiyyət iştahını daha da artırdı. Daha dəqiq desək, Armen
Sarkisyan ilk başda Nikol Paşinyanı özü üçün elə də ciddi rəqib görmürdü.
Armen Sərkisyan üçün Serj Sərkisyan daha ciddi
fiqur idi. Paşinyan isə inqilabla hakimiyyətə gəlmişdi. O elə hesab edirdi ki,
Paşinyanı rahatlıqla hakmiyyətdən uzaqlaşdıra, beləcə prezident səlahiyyətlərini
artıraraq hakmiyyəti öz əlinə ala biləcəkdi. Prinsip etibarilə Ermənistanın 44
günlük müharibədə məğlub olması və bu məğlubiyyətdə Paşinyanın əsas günahkar
kimi göstərilməsi də Sərkisyanın bu ümidlərini artırdı.
Təsadüfi deyil ki, son zamanlar Armen Sərkisyanın
xarici siyasətdə aktivliyi müşahidə edilirdi. Onun son aylarda bir sıra ərəb
ölkəsinə səfər etməsi, aktiv xarici siyasət yürütməyə başlaması buna misal ola
bilər.
Sərkisyanın bir diqqət çəkən cəhəti də onun
Böyük Britaniya ilə sıx əlaqələrinin olmasıdır. Hazırda onun əsas biznesi və
maliyə kapitalı məhs bu ölkədədir. Bu həm də ondan xəbər verir ki, o da
Paşinyan kimi Qərb tərəfindən dəstəklənirdi. Lakin son hadisələrdən sonra Sarkisyan
da anladı ki, Qərbin əsas fiquru o yox, Paşinyandır. Sarkisyan buna görə də
Paşinyanla mənasız mübarizəyə girib həm erməni diasporu ilə münasibtələrini
pozmaq, həm də öz nüfuzunu aşağı salmaq istəmir.
Sərkisyanın istefası Paşinyana sərf edir
Məlum olduğu kimi, bir müddətdir Ermənistan
Baş naziri Nikol Paşinyan konstitusiya islahatlarına hazırlaşır. Düzdür, onun konstitusiya
islahatlarına razılıq verməsinin görünən səbəbi məlum Ermənistan-Türkiyə
münasibətlərinin normallaşmasında rəsmi Bakı və Ankaranın ortaq tələbi olsa da,
istisna deyil ki, burada Paşinyanın öz maraqları da var. Daha dəqiq desək,
Paşinyan islahatlar keçirərək prezidentin səlahiyyətlərini artırmaq, daha sonra
da özü prezident olmaq istəyir.
Ermənistanın yeni prezidenti kim olacaq?
Aydın məsələdir ki, Paşinyanın hakimiyyətini
geniş səlahiyyətə malik prezident kimi davam etdirmək planı var. Buna görə də
o, Armen Sarkisyanın səlahiyyət müddətinin 2025-ci ildə başa çatmasına qədər
gözləmək istəmədi.
Turan Rzayev