İmmuniteti gücləndirən qidalar

Sağlıq
19:45 / 19.05.2018
2923
Elə qida məhsulları var ki, müntəzəm qəbul edildikdə immuniteti gücləndirmək xüsusiyyətinə malikdir.
Həkim və diyetoloqlar kərə yağından tamamilə imtina etməyi məsləhət görmürlər. Məsələn, hər gün səhər kərə yağı ilə olan buterbrod yeyilməsi vərəm xəstəliyinin profilaktikası üçün çox yaxşı üsul sayılır. Süd məhsullarından kefir və bioyoqurtlar daha xeyirli hesab olunur. Gün ərzində 150 qram kefir və ya bifidebakteriyalarla zənginləşdirilmiş yoqurt qəbul edilməsi soyuqdəymə riskini azaldır.
Brokkoli, gül kələmi, baş kələm, Brüssel kələmi, ağ turp kimi bitkilər beta-karotin maddəsi ilə zəngindir. Həmin maddə selikli qişaları, xüsusən də ağ ciyərləri və həzm sistemi üzvlərini xərçəng hüceyrələrindən və sərbəst radikallardan qoruyur.
Qida rasionuna bildirçin yumurtasının daxil edilməsi immunitet üçün çox xeyirli hesab olunur.
Sarımsaq və soğan kökünün tərkibi xeyli miqdarda fitonsid adlanan maddələrlə zəngindir və həmin maddə mikroblar və viruslara qarşı mübarizədə orqanizmə hədsiz dərəcədə kömək edir. İmmunitetin yüksəldilməsi üçün onlar ən güclü məhsullar hesab edilir. Qrip epidemiyası zamanı həmin məhsulların müntəzəm şəkildə qəbul olunması xəstəliyə yoluxmaqdan qoruya bilər. Qəbul etməkdən əlavə epidemiya zamanı evin müxtəlif yerlərində nəlbəkilərdə soğan və sarımsaq qoymaq da yaxşı nəticə verir.
Badam immun sisteminin optimal şəkildə fəaliyyət göstərməsi üçün tələb olunan amin və yağ turşularının ən yaxşı təbii mənbələrindən biridir. Qəbul olunan qidaların tərkibinə müntəzəm olaraq yarmaların da əlavə olunması orqanizmin təmizlənməsinə və kimyəvi radioaktiv maddələrin xaric olunmasına kömək edir. Bu isə öz növbəsində immunitetin möhkəmlənməsinə dəstək verir.