Süni intellekt yaddaşı zəiflədir? - AÇIQLAMA
Süni intellekt gündəlik həyatımızı asanlaşdırsa da, ondan həddindən artıq istifadə müəyyən narahatlıqlar da doğurur.
Belə ki, Si texnologiyalarının yaddaşımıza və müstəqil düşünmə qabiliyyətimizə təsir göstərməsi danılmazdır.
Bəs hazır cavablara alışmaq beynimizi tənbəlləşdirirmi?
Bu məsələ ilə bağlı Sfera.az-a açıqlama verən İnformasiya texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov bildirib ki, bu iddia tamamilə əsassız deyil, müəyyən mənada real risklər mövcuddur. Belə ki, texnologiyanın inkişafı bəzi fiziki bacarıqlarımızı zəiflətdiyi kimi, eyni proses zehni fəaliyyətə də təsir edə bilər.

Mütəxəssis vurğulayıb ki, süni intellekt insanın düşünmə qabiliyyətini birbaşa "öldürmür", lakin ondan necə istifadə etdiyimizdən asılı olaraq tənqidi təfəkkürü və analitik düşüncəni tənbəlləşdirə bilər:
“Hər hansı bir məsələni özümüz düşünüb tapmaq əvəzinə, dərhal Sİ-ə müraciət etdikdə beyin həmin problemi həll etmək üçün çətinlik çəkmək istəmir. Uzun müddət bu cür davrandıqda mürəkkəb məsələləri müstəqil şəkildə təhlil etmək bacarığı zəifləyir”.
O qeyd edib ki, məlumatı ekranda hazır şəkildə görəndə insan onu yadda saxlamağa və üzərində dərin düşünməyə ehtiyac duymur. Bu da uzunmüddətli yaddaşın və diqqətin zəifləməsinə gətirib çıxarır.
Ekspertin fikrincə, digər tərəfdən süni intellektin təqdim etdiyi hər şeyi şərtsiz həqiqət kimi qəbul etmək təhlükəsi var. İnsanlar məlumatı yoxlamaq, onun üzərində düşünmək əvəzinə hazır cavablarla kifayətlənirlər.
F.Əmirovun sözlərinə görə, süni intellekt həm də düşünmə tərzimizi təkmilləşdirə bilər. Necə ki kalkulyatorun icadı riyaziyyatı məhv etmədi, sadəcə insanları darıxdırıcı mexaniki hesablamalardan azad edərək daha böyük riyazi ideyalara yönəltdi, süni intellekt də eyni rolu oynaya bilər:
“Əgər Sİ-dən fikirləşmək əvəzinə istifadə edilən vasitə kimi yox, müzakirə yoldaşı, ideya mənbəyi kimi istifadə olunarsa, əksinə, beyin daha yaradıcı və analitik istiqamətdə inkişaf edə bilər. Ölkəmizdə rəqəmsal bacarıqların və müasir texnologiyaların tətbiqi genişləndiyi kimi, onlardan şüurlu və faydalı şəkildə yararlanmaq da hər kəsin öz əlindədir”.
Qeyd etmək lazımdır ki, süni intellekt insanın düşünmə qabiliyyətini məhv etmir, sadəcə tənbəlliyə meyilli olan beynimiz üçün bir "qapı" açır.
Əsas məsələ texnologiyanın bizim əvəzimizə düşünməsinə deyil, bizə daha sürətli və effektiv düşünməyə kömək etməsinə nail olmaqdır.
Fatimə Ələkbər
Sfera.az






