Arıqlama iynəsi zərərlidir? - Həkimdən XƏBƏRDARLIQ

Son illərdə artıq çəkidən xilas olmaq istəyənlərin ən çox müraciət etdiyi üsullardan biri arıqlama iynələridir. Bəziləri bu preparatlardan həkim məsləhəti ilə istifadə etsə də, digərləri sosial şəbəkələrdə gördükləri məlumatlara və ya tanışlarının tövsiyəsinə əsaslanaraq müalicəyə başlayırlar.
Mütəxəssislər isə bunun ciddi fəsadlara səbəb ola biləcəyini bildiriblər.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, daxili xəstəliklər üzrə mütəxəssis, dosent Alpay Medetalibeyoğlu arıqlama iynələri ilə bağlı ən çox verilən sualları cavablandıraraq onların istifadəsi barədə vacib məqamları açıqlayıb.
Həkim bildirib ki, bu preparatlar piylənmə ilə mübarizədə ən təsirli müalicə vasitələrindən biri hesab olunsa da, onları “möcüzəvi dərman” kimi qiymətləndirmək doğru deyil.
“Bu preparatlar yalnız düzgün pasiyent seçimi, mütəmadi həkim nəzarəti və həyat tərzi dəyişikliyi ilə birlikdə tətbiq olunduqda effektiv nəticə verir. Bu, kosmetik məqsədlə istifadə olunan məhsul deyil, ciddi tibbi müalicə üsuludur”, – deyə mütəxəssis vurğulayıb.
Mütəxəssis qeyd edib ki, bu müalicənin əsas üstünlüyü yalnız çəkinin azalması deyil. Çəki itkisi nəticəsində infarkt riski, yuxu apnesi, qaraciyər piylənməsi və oynaq xəstəlikləri kimi ciddi sağlamlıq problemlərinin yaranma ehtimalı da azalır.
Arıqlama iynələri mədənin boşalma sürətini ləngidir və beyində toxluq hissini tənzimləyən mərkəzə siqnallar göndərərək iştahı azaldır. Beləliklə, insanı ac qoymadan porsiya nəzarətini asanlaşdırır.
Mütəxəssis xatırladıb ki, piylənmə xroniki xəstəlik olduğu üçün onun müalicəsi də uzunmüddətli olmalıdır. Preparatların istifadə müddəti hər pasiyent üçün fərdi şəkildə müəyyən edilir və aylarla, hətta illərlə davam edə bilər.
O, dərman dayandırıldıqdan sonra çəkinin yenidən artması riskinə də diqqət çəkib. Bildirib ki, əgər müalicə dövründə qidalanma və həyat tərzi dəyişdirilməyibsə, preparat dayandırıldıqdan sonra iştaha əvvəlki vəziyyətinə qayıdır və verilən çəkinin geri alınması ehtimalı yüksək olur.
Həkimin sözlərinə görə, preparatlar aşağı dozadan başlanılır və orqanizmin uyğunlaşması üçün dozalar tədricən artırılır. Dozanın özbaşına artırılması isə ciddi yan təsirlərə səbəb ola bilər.
Ən çox rast gəlinən yan təsirlər ürəkbulanma, qusma, ishal, qəbizlik və mədə spazmlarıdır. Bu əlamətlər adətən müalicənin ilk mərhələsində və ya doza artırıldıqdan sonra müşahidə olunur, sonradan isə zəifləyir. Bununla yanaşı, əvvəllər pankreatit keçirmiş şəxslər, öd kisəsində daşı olanlar və ailəsində medulyar qalxanabənzər vəzi xərçəngi olan insanlar üçün bu preparatlar risk daşıya bilər.
Dosent Alpay Medetalibeyoğlu vurğulayıb ki, arıqlama iynələrinə başlamaq, dozanın müəyyənləşdirilməsi, yan təsirlərin izlənməsi və müalicənin dayandırılması yalnız mütəxəssis həkimin nəzarəti altında həyata keçirilməlidir.
Onun sözlərinə görə, düzgün pasiyent seçimi və peşəkar tibbi nəzarət olduqda bu müalicə üsulu piylənmə ilə mübarizədə uğurlu nəticələr verir. Lakin uğurun əsas sirri yalnız preparatda deyil, pasiyentin sağlam həyat tərzinə sadiq qalmasında və müalicə prosesində həkimlə sıx əməkdaşlıq etməsindədir.
Bəsti Rəfizadə
Sfera.az
