Dermatoloq məşhur mifi dağıtdı: Sızanaqların səbəbi qidalanma deyil

Rusiyalı dermatoloq Aleksandr Bıkanov sızanaqların yaranmasının yanlış qidalanma ilə bağlı olması barədə geniş yayılmış fikri təkzib edib.
O, bu barədə öz Telegram kanalında paylaşım edib.
Sfera.az xəbər verir ki, həkimin sözlərinə görə, bəzi qidalar dəri problemlərini ağırlaşdıra bilər, lakin onların birbaşa sızanaq yaratdığı iddiası doğru deyil.
“Aknesi olmayan bir insanda süd məhsulları və ya həddindən artıq burger istehlakı ilə sonradan yaranan səpkilər arasında əlaqə olmayacaq. Amma əgər şəxsdə artıq akne varsa, həmin qidalar vəziyyətin ağırlaşmasına və xəstəliyin irəliləməsinə səbəb ola bilər”, – deyə Bıkanov izah edib.
Dermatoloq qeyd edib ki, qidalanma ilə dəri problemləri arasındakı əlaqə bütün insanlarda müşahidə olunmur. Onun sözlərinə görə, 100 nəfər arasında cəmi 2-3 pasiyentdə belə bir əlaqə aşkar etmək mümkündür.
Məhz həmin şəxslər üçün müəyyən qida məhdudiyyətləri tətbiq oluna bilər. Həkim isə bütün insanlara fərq qoymadan pəhriz təyin edilməsini doğru hesab etmədiyini vurğulayıb.
Xatırladaq ki, daha əvvəl dermatoveneroloq Yelizaveta Şuxman yay aylarında dərinin sağlam qalmasının yollarından danışmışdı. Onun sözlərinə görə, bu mövsümdə ultrabənövşəyi şüalardan gündəlik qorunmaq xüsusi əhəmiyyət daşıyır.
İnci
Sfera.az
