Bu ölkədə kökəlmək qadağandır

Yaponiyada 2008-ci ildən tətbiq edilən “Metabo Qanunu” piylənmə ilə mübarizəni dövlət səviyyəsində həyata keçirən sağlamlıq siyasətidir. Bu sistemə əsasən 40–74 yaş arası bütün vətəndaşlar hər il tibbi müayinədən keçirilir və onların bel dairəsi ölçülür.
Sfera.az xəbər verir ki, rəsmi normalara görə, kişilərdə bel 85 santimetrdən, qadınlarda isə 90 santimetrdən artıq olmamalıdır. Bu həddi keçən şəxslər cərimələnmir, lakin dövlət tərəfindən təşkil olunan sağlam qidalanma proqramlarına, idman fəaliyyətlərinə və həkim məsləhətlərinə yönləndirilir.
Sistemin diqqətçəkən tərəflərindən biri işəgötürənlərin də bu prosesə cəlb olunmasıdır. Şirkətlər işçilərin sağlamlıq göstəricilərini yaxşılaşdırmaq üçün məsuliyyət daşıyır və sağlam həyat tərzini təşviq edən proqramlar həyata keçirirlər.
Bu qanunun əsas məqsədi piylənmədən yaranan diabet, ürək-damar xəstəlikləri kimi riskləri azaltmaq və ölkədə artan səhiyyə xərclərinə nəzarət etməkdir. Xüsusilə əhalinin sürətlə yaşlanması bu siyasətin əsas səbəblərindən biri hesab olunur.
Yaponiyada piylənmə səviyyəsi təxminən 4% kimi çox aşağı olsa da, dövlət profilaktik səhiyyə tədbirlərini gücləndirməyə davam edir.
Bununla yanaşı, “Metabo Qanunu” həm müsbət, həm də mübahisəli yanaşma kimi qiymətləndirilir. Bir tərəf onu ictimai sağlamlığın qorunması üçün effektiv model hesab edir, digər tərəf isə fərdi bədən quruluşu və genetik fərqlərin nəzərə alınmadığını, bunun şəxsi azadlıqlara müdaxilə ola biləcəyini bildirir.
Mənsumə
