Yeni virus Azərbaycanda da yayıla bilərmi? - Həkim RƏYİ

Dünyada yeni virus təhlükəsi ilə bağlı narahatlıq artır. Son günlər beynəlxalq səhiyyə qurumları və media Andes hantavirusu ilə əlaqəli yayılan yoluxma halları barədə xəbərdarlıq edir. Xüsusilə Argentinadan yola düşən “MV Hondius” kruiz gəmisində qeydə alınan yoluxmalar dünya ölkələrində təşviş yaradıb. İlkin məlumatlara görə, virus səbəbindən ölənlər var və müxtəlif ölkələrdə təmasda olan şəxslər nəzarətə götürülüb.
Dünyada narahatlıq yaradan Andes hantavirusunun Azərbaycana yayılma ehtimalı nə qədər realdır? Virusun ölkəmizdə yayılmasının qarşısını almaq üçün hansı profilaktik tədbirlər görülməlidir?
Sfera.az-a bu barədə açıqlama verən professor, tibb elmləri doktoru Adil Qeybulla bildirib ki, hantavirus əsasən gəmiricilərdə rast gəlinən və insanlarda da ağır xəstəlik törədə bilən virusdur:

“Bu səbəbdən virusun əsas mənbəyi təbiətdə yaşayan siçan və siçovullardır. Xüsusilə gəmilərdə bu gəmiricilər üçün uyğun şərait olduğundan onlar orada məskunlaşır və ağız suyu, sidik və ekskrementləri vasitəsilə insanlara virus ötürə bilirlər. Argentinadan yola düşən gəmidə baş verən hadisənin də məhz bu səbəbdən yarandığı bildirilir. Siçan və siçovullar gəmi daxilində yataq dəstlərinə və müxtəlif əşyalara toxunduqları üçün virusun insanlara keçmə ehtimalı artır. Evlərdə də siçan və siçovullara rast gəlinərsə, onların daxil olduğu yerlərdə diqqətli olmaq lazımdır. Ekskrementlər təmizlənərkən mütləq maskadan istifadə edilməli, xüsusilə vakuum sorucularla təmizləmə zamanı ehtiyatlı davranılmalıdır. Təmizlikdən sonra həm istifadə olunan avadanlıq, həm də həmin ərazi dezinfeksiya edilməlidir”.
Professor virusun orqanizmə daxil olduqdan sonra bir neçə gün və ya hətta həftə ərzində ciddi fəsadlar yarada biləcəyindən bəhs edib:
“Xəstəlik əsasən yuxarı tənəffüs yollarında iltihab, öskürək, yüksək hərarət, halsızlıq və zəifliklə özünü göstərir. Daha ağır hallarda isə ürək və ağciyərlə bağlı ciddi kardiopulmonal ağırlaşmalar meydana çıxır ki, bu da ölüm riskini artırır. Mütəxəssislərin fikrincə, hantavirusdan ölüm halları kifayət qədər yüksəkdir və bəzi məlumatlara görə bu göstərici təxminən 40 faiz civarındadır. Hesab edirəm ki, qloballaşan dünyada hantavirusun Azərbaycana gəlmə ehtimalı da istisna deyil. Xaricdən gələn yoluxmuş şəxslər vasitəsilə xəstəliyin ölkəyə daşınması mümkündür. Bu baxımdan transsərhəd keçid məntəqələrində nəzarətin gücləndirilməsi vacib sayılır. Xəstəlik aşkarlandığı halda isə əsas məqsəd panika yaratmaq deyil, yoluxmanın lokallaşdırılması, karantin tədbirlərinin görülməsi və yayılmanın qarşısının vaxtında alınması olmalıdır”.
Fidan Hacızadə
Sfera.az
