Hantavirus nədir? - Təhlükəli virus yayılır

Hantavirus nədir? - Təhlükəli virus yayılır
Kateqoriya məlum deyil
T

Hantaviruslar əsasən gəmiricilərdə yaşayan və bəzi hallarda insanlara keçə bilən zoonotik viruslar hesab olunur.

 

Sfera.az xəbər verir ki, mütəxəssislər virusun əsasən siçan və siçovul kimi gəmiricilərin sidiyi, nəcisi və tüpürcəyi vasitəsilə yayıldığını bildirirlər. İnsanlar isə çirklənmiş havanı tənəffüs etdikdə və ya virusla təmasda olduqda yoluxa bilirlər. Məlumata görə, hantavirus infeksiyası nadir hallarda müşahidə olunsa da, bəzi növləri ciddi tənəffüs və böyrək problemlərinə səbəb ola bilir.

 

Xüsusilə kənd təsərrüfatı sahəsində çalışanlar, anbar və zirzəmilərdə çalışan şəxslər risk qrupuna daxildir. Mütəxəssislər qeyd edirlər ki, virus əsasən gəmiricilərin ifrazatlarının quruyaraq havaya qarışması nəticəsində yayılır. Çirklənmiş səthlərə toxunduqdan sonra əllərin ağız, burun və gözlə təması da yoluxma riskini artırır. Hantavirusun ilkin simptomları isə əsasən qripə bənzəyir. Xəstələrdə yüksək hərarət, baş və əzələ ağrıları, halsızlıq, ürəkbulanma, öskürək və nəfəs darlığı müşahidə edilə bilər. Ağır hallarda isə xəstəlik ciddi tənəffüs çatışmazlığına səbəb olur.

 

Həkimlər infeksiyadan qorunmaq üçün yaşayış və iş yerlərində gəmiricilərə qarşı mübarizənin vacibliyini vurğulayırlar. Zirzəmi və anbar kimi məkanlar təmizlənərkən maska və əlcəkdən istifadə olunması tövsiyə edilir. Mütəxəssislər bildirirlər ki, gigiyena qaydalarına riayət etmək və gəmiricilərlə təması minimuma endirmək hantavirusdan qorunmağın ən effektiv yollarından biridir.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ