Elektron siqaret: Ürək-damar sistemini necə məhv edir?

Son illərdə dünyada gənclər arasında elektron siqaret istifadəsinin sürətlə artması müşahidə edilir. Mütəxəssislər bu məhsulların “adi siqaretdən daha zərərsiz” kimi təqdim olunmasının yanlış olduğunu bildirirlər.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Süreyyapaşa Sinə Xəstəlikləri və Döş Cərrahiyyəsi Təlim və Araşdırma Xəstəxanasının mütəxəssisi, Sümeyyə Alparslan Bəkir elektron siqaretlərin tərkibində nikotin, propilen qlikol, qliserol, ağır metallar və müxtəlif ətirləndiricilərin olduğunu, bu maddələrin orqanizm üçün ciddi risk yaratdığını qeyd edib.
Onun sözlərinə görə, elektron siqaretlər güclü asılılıq yaradır və xüsusilə gənc yaşda istifadə beyin inkişafına mənfi təsir göstərir. Bu da diqqət, yaddaş, öyrənmə qabiliyyəti və qərarvermə proseslərində zəifləməyə səbəb ola bilər. Mütəxəssis həmçinin istifadənin tez bir zamanda vərdiş halına çevrildiyini də vurğulayıb.
Bundan başqa, elektron siqaretlərin ürək-damar sisteminə də mənfi təsir etdiyi bildirilir. Nikotin ürək döyüntüsünü artırır, qan təzyiqini yüksəldir və damarların zədələnməsinə səbəb ola bilir. Bu da uzunmüddətli dövrdə ürək xəstəlikləri riskini artırır.
Ağciyər sağlamlığı ilə bağlı isə qeyd olunur ki, elektron siqaret buxarı yalnız su buxarından ibarət deyil və tərkibində zərərli kimyəvi maddələr var. Bu maddələr nəfəs darlığı, öskürək, sinə ağrısı və daha ciddi tənəffüs problemlərinə yol aça bilər.
Bəkir gənclərin elektron siqaretdən uzaq durmasının vacibliyini vurğulayaraq, bu məhsulların sağlamlıq üçün ciddi təhlükə yaratdığını bildirib.
Mənsumə
Sfera.az
