Bu saatdan sonra yeddi vərdiş ürək riskini artıra bilər

Bu saatdan sonra yeddi vərdiş ürək riskini artıra bilər
Kateqoriya məlum deyil
T

Amerikalı həkim gündəlik həyatda zərərsiz görünən bəzi axşam vərdişlərinin ürək-damar sağlamlığı üçün ciddi risk yarada biləcəyi barədə xəbərdarlıq edib. 

 

Sfera.az türk mediasına istinadən xəbər verir ki, 20 ildən artıqdır infarkt keçirmiş xəstələrin müalicəsi ilə məşğul olan mütəxəssis bildirib ki, xüsusilə axşam saat 8-dən sonrakı davranışlar ürək xəstəlikləri riskinə birbaşa təsir göstərə bilər.

 

Kardioloqun sözlərinə görə, məqsəd insanlarda qorxu yaratmaq deyil, axşam saatlarının yuxu, maddələr mübadiləsi və qan təzyiqi baxımından orqanizm üçün kritik dövr olduğunu diqqətə çatdırmaqdır. Mütəxəssislər hesab edir ki, bir çox ürək-damar problemi əslində yatmazdan əvvəlki saatlarda formalaşan yanlış vərdişlərin nəticəsidir.

 

Sanjay Bhojrajın açıqladığı siyahıya görə, axşam 8-dən sonra qaçınılmalı olan ilk vərdiş gec və ağır yeməkdir. Yağlı və ağır qidaların gec saatlarda qəbulu orqanizmi istirahət etməli olduğu vaxtda intensiv həzm prosesinə məcbur edir. Bu isə qan şəkəri və qan təzyiqində dalğalanmalara, nəticədə ürəyə əlavə yüklənməyə səbəb ola bilər.

 

İkinci risk faktoru axşam saatlarında spirtli içki qəbuludur. Həkimin sözlərinə görə, hətta orta miqdarda alkoqol belə ürək ritmini poza, yuxu keyfiyyətini azalda və ürək-damar sisteminə mənfi təsir göstərə bilər.

 

Gecə saatlarına qədər işləmək də təhlükəli vərdişlər sırasında göstərilib. Kardioloq bildirir ki, axşam saatlarında davam edən iş rejimi stress hormonu olan kortizolun yüksək qalmasına səbəb olur. Bu da həm qan təzyiqini artırır, həm də orqanizmdə iltihabi prosesləri gücləndirə bilər.

 

Mütəxəssis parlaq ekranlara uzun müddət məruz qalmağın da ürək sağlamlığı üçün dolayı risk yaratdığını qeyd edib. Telefon, planşet və kompüter ekranları melatonin hormonunun ifrazını azaldır, bu da yuxunun keyfiyyətini aşağı salır. Keyfiyyətsiz yuxu isə uzunmüddətli dövrdə ürək xəstəlikləri riskini yüksəldə bilər. Axşam saatlarında şəkərli və emal olunmuş qidalarla qəlyanaltı etmək də siyahıda yer alıb. Həkimə görə, bu tip qidalar maddələr mübadiləsini poza, visseral yağın artmasına səbəb ola bilər. Daxili orqanlar ətrafında toplanan bu yağ növü isə ürək-damar xəstəlikləri ilə birbaşa əlaqələndirilir. Kardioloq gecə saatlarında intensiv məşqlərdən də çəkinməyi tövsiyə edir. Onun sözlərinə görə, fiziki aktivlik ümumilikdə faydalı olsa da, yatmağa çox yaxın saatlarda ağır idman ürək döyüntüsünü uzun müddət yüksək saxlayır və orqanizmin gecə bərpa prosesini ləngidə bilər. Siyahının sonuncu maddəsi isə stressli şəkildə yatmağa getmək və axşam rutininin olmamasıdır. Mütəxəssis hesab edir ki, sakit və nizamlı axşam rejimi sinir sisteminin yavaşlamasına kömək edir, əks halda bədən istirahət rejiminə keçə bilmir.

 

Sanjay Bhojraj vurğulayıb ki, infarkt adətən qəfil baş verən hadisə deyil, illərlə formalaşan yanlış həyat tərzinin nəticəsidir. Onun fikrincə, xüsusilə axşam saatlarında ediləcək kiçik dəyişikliklər ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaltmağa kömək edə bilər.

 

Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ