30 yaşda yaddaş zəifləyir? - SƏBƏBLƏR VƏ HƏLL YOLU

Son dövrlərdə 30 yaş ətrafında olan insanlarda yaddaş zəifləməsi halları daha çox müşahidə olunur.
Sfera.az xəbər verir ki, bu problem əksər hallarda ciddi xəstəliklərlə deyil, daha çox həyat tərzi ilə bağlıdır. Araşdırmalara görə, yaddaş zəifləməsinin əsas səbəblərindən biri xroniki stressdir. Uzunmüddətli stress orqanizmdə kortizol hormonunun səviyyəsini artıraraq beynin yaddaşa cavabdeh hissəsi olan hipokampusun fəaliyyətinə mənfi təsir göstərir. Bununla yanaşı, yuxu çatışmazlığı da mühüm amillərdən hesab olunur. Kifayət qədər yatmayan insanlarda beyin məlumatları düzgün emal edə və yadda saxlaya bilmir. Narahatlıq və depressiya da diqqətin azalmasına və nəticədə yaddaş problemlərinə səbəb olur.
Eyni zamanda, xüsusilə B12 vitamini çatışmazlığı sinir sisteminə təsir edərək unutqanlığı artırır. Tiroid vəzinin funksional pozğunluqları da hormon balansını dəyişdirərək yaddaşa mənfi təsir göstərə bilər. Digər bir mühüm məqam isə eyni anda bir neçə iş görmək vərdişidir. Multitasking diqqəti parçalayır və bu da insanlarda yaddaş zəifliyi hissi yaradır. Bir çox hallarda bu, real yaddaş itkisi deyil, sadəcə diqqət dağınıqlığıdır. Mütəxəssislər problemin qarşısını almaq üçün bir sıra tövsiyələr də verirlər. Belə ki, gündə 7-8 saat keyfiyyətli yuxu, müntəzəm fiziki aktivlik, stressin azaldılması, vitamin səviyyələrinin yoxlanılması və sosial media istifadəsinin məhdudlaşdırılması yaddaşın qorunmasına kömək edə bilər.
Qeyd olunur ki, əgər unutqanlıq uzun müddət davam edir və gündəlik həyata ciddi təsir göstərirsə, bu halda mütləq həkimə müraciət etmək tövsiyə olunur.
Niyaz Hacıyev
Sfera.az
