Yeni kəşf: İnsan hüceyrələri 30 il “cavanlaşdırıldı”

“Cambridge” Universitetinin alimləri regenerativ tibb sahəsində diqqətçəkən bir uğura imza atıblar.
Sfera.az xəbər verir ki, tədqiqatçılar insan dəri hüceyrələrini yenidən proqramlaşdıraraq onları təxminən 30 il daha gənc hüceyrələr kimi davranmağa məcbur etməyi bacarıblar.

Bildirilir ki, bu araşdırma “Yamanaka faktorları” texnikasının dəyişdirilmiş versiyasına əsaslanır. Alimlər yaşlanmış hüceyrələri cəmi 12 gün davam edən nəzarətli yenidən proqramlaşdırma mərhələsindən keçiriblər. Nəticədə hüceyrələrin gənc toxumalar kimi yenidən kollagen istehsal etməyə başladığı, həmçinin yara sağaltma qabiliyyətinin artdığı müşahidə olunub. Araşdırmanın ən diqqətçəkən tərəfi isə hüceyrələrin öz kimliyini itirməməsi olub. Belə ki, onlar dəri hüceyrəsi olaraq qalmaqla, yaşlanmanın molekulyar izlərini qismən geri çevirməyə nail olublar.

Bu texnologiya gələcəkdə zədələnmiş toxumaların bərpası, orqanların yenilənməsi və yaşlanma ilə bağlı xəstəliklərin müalicəsi üçün böyük potensial vəd edir.
Hazırda bu üsul birbaşa insan üzərində tətbiq edilmir. Lakin alimlər hesab edirlər ki, bu kəşf gələcəkdə tibbdə “bioloji yaşı geri çevirmə” ideyasına doğru atılmış mühüm addım ola bilər.
Fidan Hacızadə
Sfera.az
