Stress beynin düşmənidir – Mütəxəssis açıqladı

Stress həyatın müxtəlif sahələrindən – iş, məktəb, ailə və şəxsi münasibətlərdən qaynaqlanan bir çox amillə ortaya çıxa bilər. Hər gün qarşılaşdığımız çətinliklər bədənimizdə olduğu kimi, beyində də dəyişikliklərə səbəb olur.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, mütəxəssis Derya Murat Özgün stressin beyinə olan təsirlərini izah edərək maraqlı məqamlara toxunub.
O diqqətə çatdırıb ki, bədənin təbii reaksiyası olan stress əslində qısa müddətdə faydalı ola bilər, lakin uzunmüddətli stress beyində ciddi problemlərə yol açır.
Özgün bildirib ki, stress zamanı bədəndə hipotalamus-hipofiz-böyrəküstü vəzi oxu aktivləşir və bu prosesdə kortizol kimi stress hormonları ifraz olunur.
“Qısa müddətli stress diqqəti artıra və performansı yaxşılaşdıra bilər, lakin uzunmüddətli stress beynin bəzi bölgələrinə ciddi zərər yetirir”, – deyə mütəxəssis qeyd edib.
Xroniki stressin beyinə təsiri
Elmi tədqiqatlar göstərir ki, xroniki stressin uzunmüddətli təsirləri beynin xüsusilə hipokampus və prefrontal korteks kimi sahələrinə zərər verə bilər. Yaddaşla əlaqəli bir bölgə olan hipokampus stressə ən çox həssaslıq göstərən hissələrdən biridir. Özgün bu bölgələrə yüksək səviyyəli kortizolun təsirinin yaddaşın zəifləməsi və digər idrak funksiyalarının pozulmasına səbəb ola biləcəyini vurğulayıb.
Eyni zamanda, prefrontal korteksin qərar qəbuletmə və planlaşdırma kimi funksiyalarla əlaqəli olduğunu bildirən mütəxəssis, stressin bu sahədə diqqət və konsentrasiyanı çətinləşdirdiyini qeyd edib: “Buna görə də insanlar güclü stress altında diqqətini cəmləməkdə çətinlik çəkirlər”.
Stressin idarə edilməsi
Beyindəki bu təsirlərin qarşısını tam almaq mümkün olmasa da, mütəxəssis stressin idarə edilə biləcəyini vurğulayıb.
“Mütəmadi fiziki fəaliyyət, kifayət qədər yuxu və güclü sosial əlaqələr stressin azaldılmasında mühüm rol oynayır”, – deyə mütəxəssis bildirib. Eyni zamanda, meditasiya, nəfəs məşqləri və diqqətlilik (mindfulness) təcrübələri kimi üsullar stress hormonlarının balanslaşdırılmasına kömək edə bilər.
Stressin bədənə və beyinə təsirlərini başa düşmək onunla daha effektiv mübarizə aparmağa kömək edir. Mütəxəssislərin tövsiyələrini tətbiq edərək həyatımızda daha sağlam və balanslı bir yol izləmək mümkündür.
Mənsumə
Sfera.az
