Bu xəstəliklərdən xilas yoxdur - ADLAR

Bu xəstəliklərdən xilas yoxdur - ADLAR
Kateqoriya məlum deyil
T

Tibb elmi sürətlə inkişaf etsə də, bəzi xəstəliklər var ki, bu günə qədər onların tam müalicəsi tapılmayıb.

 

Sfera.az xəbər verir ki, aparılan beynəlxalq araşdırmalara görə, bu xəstəliklər əsasən xroniki və proqressiv xarakter daşıyır və mövcud müalicə üsulları yalnız xəstəliyin gedişatını ləngitməyə və simptomları azaltmağa yönəlib. Bildirilir ki, xüsusilə neyrodegenerativ xəstəliklər sahəsində vəziyyət daha mürəkkəbdir.

 

Belə ki, Alzheimer xəstəliyi və Parkinson xəstəliyi zamanı beyində sinir hüceyrələri tədricən məhv olur. Hazırda tətbiq olunan dərman preparatları xəstəliyin inkişaf tempini müəyyən qədər zəiflədə bilir, lakin tam sağalma mümkün sayılmır.

 

Autoimmun xəstəliklər də sağalmaz hesab olunan patologiyalar sırasındadır. Multipl skleroz zamanı immun sistemi mərkəzi sinir sisteminə hücum edir. Müalicə alovlanmaları azalda bilsə də, xəstəliyi tam aradan qaldırmır Bununla yanaşı, virus mənşəli xəstəliklər arasında isə HİV/QİÇS xüsusi yer tutur. Müasir antiretrovirus terapiyası sayəsində xəstələr uzun illər normal həyat sürə bilirlər. Lakin virus orqanizmdən tam təmizlənmir və müalicə ömürlük davam etdirilir.

 

Ağır və sürətlə irəliləyən xəstəliklərdən biri olan Amyotrofik lateral skleroz (ALS) da hazırda tam sağaldıla bilməyən patologiyalar arasındadır. Bu xəstəlik sinir hüceyrələrinin məhvi ilə xarakterizə olunur və müalicə əsasən simptomların yüngülləşdirilməsinə yönəlir.

 

Həmçinin, endokrin sistem xəstəliklərindən olan 1-ci tip şəkərli diabet zamanı isə orqanizm insulin istehsal etmir. Xəstələr ömürboyu insulin terapiyasına ehtiyac duyurlar. Alimlər kök hüceyrə və gen terapiyası üzərində araşdırmalar aparsalar da, hələlik tam sağalma mümkün deyil. Bu xəstəliklərdən “tam xilas olmaq” hazırkı tibbi biliklərlə mümkün olmasa da, erkən diaqnoz, düzgün müalicə və sağlam həyat tərzi xəstələrin ömür uzunluğunu və həyat keyfiyyətini əhəmiyyətli dərəcədə artıra bilir.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ