Elektron siqaret ürək-damar və tənəffüs risklərini artırır

Dünyada elektron siqaretlərin (veyp) istifadəsi sürətlə artsa da, aparılan elmi araşdırmalar bu məhsulların tam təhlükəsiz olmadığını göstərir. Tədqiqatlar elektron siqaret çəkən insanlarla ümumiyyətlə çəkməyənlər arasında sağlamlıq baxımından ciddi fərqlər olduğunu üzə çıxarıb.
Sfera.az xəbər verir ki, araşdırmalara görə, elektron siqaret istifadə edən şəxslərin orqanizmi nikotin və müxtəlif kimyəvi maddələrə məruz qalır. Bu maddələrin səviyyəsi klassik siqaretlə müqayisədə bəzən daha aşağı olsa da, çəkməyən insanlarla müqayisədə xeyli yüksəkdir. Çəkməyən şəxslərdə isə bu cür maddələr ya ümumiyyətlə aşkar edilmir, ya da çox minimal səviyyədə olur. Tədqiqatlar göstərir ki, elektron siqaret çəkənlərdə tənəffüs yollarında iltihabi proseslər daha tez-tez müşahidə olunur. Bronxların həssaslığının artması, öskürək və nəfəs darlığı kimi əlamətlər elektron siqaret istifadəçilərində çəkməyənlərlə müqayisədə daha geniş yayılıb. Eyni zamanda, elektron siqaret istifadəsi ürək-damar sistemi üçün də risklidir. Nikotin damarların daralmasına səbəb olur və bu da ürək tutması və digər ürək-damar xəstəlikləri riskini artıra bilər.
Çəkməyən insanlarda isə bu risklər xeyli aşağı səviyyədə qalır. Araşdırmalar elektron siqaretlərin nikotin asılılığı yaratdığını da təsdiqləyir. Xüsusilə gənclər arasında veyp istifadəsinin gələcəkdə klassik siqaretə keçid riskini artırdığı bildirilir. Çəkməyənlərdə isə nikotin asılılığı və bu risklər mövcud deyil. Qeyd edək ki, təxminən 46 ölkədə elektron siqaretlərin satışı, idxalı və istifadəsi qadağan edilib və ya ciddi şəkildə məhdudlaşdırılıb.
Fidan Hacızadə
Sfera.az
