Uşaqların immunitetini bu qidalarla gücləndirin - Həkim RƏYİ
Payız mövsümündə havaların soyuması ilə uşaqlar arasında qrip, öskürək və qızdırma halları artır. Xüsusilə məktəb və bağçalarda uşaqların bir-biri ilə daha çox təmasda olması virusların yayılmasını asanlaşdırır.
Nə etmək lazımdır ki, uşaqların immuniteti güclənsin?
Bu haqda Sfera.az-a açıqlama verən pediatr Elşən Tağıyev payızda immunitetin niyə zəiflədiyini və uşaqları xəstəliklərdən qorumağın yollarını açıqlayıb.
Həkimin sözlərinə görə, havanın soyuması və rütubətin artması tənəffüs yollarının selikli qişasını qurudur, bu da virusların bədənə daxil olmasını asanlaşdırır:
“Günəş işığının azalması D vitamini çatışmazlığı yaradır ki, bu da immun sisteminin zəifləməsinə səbəb olur. Uşaqlarda yuxusuzluq və qeyri-düzgün qidalanma bədənin müdafiə mexanizmlərini zəiflədən amillərdəndir. Məktəb və bağçalarda uşaqlar bir-birinə daha yaxın təmasda olur, viruslar daha asan yayılır”.
Pediatr valideynlərə payızda uşaqların immunitetini gücləndirmək üçün sadə, lakin təsirli addımlar atmağı tövsiyə edir:
“Uşaqların kifayət qədər su içməsi selikli qişaları nəm saxlayır və viruslara qarşı baryer yaradır. Gündə 10–12 saat yuxu almaq isə əsas amillərdəndir. Çünki immun hüceyrələrin bərpası yuxu zamanı baş verir. Təmiz havada gəzinti və fiziki aktivlik, əl gigiyenası və düzgün geyim də xəstəliklərin yayılmasının qarşısını alır”.
Mütəxəssis həmçinin uşaqların rasionunda immunitet gücləndirən qidaların mütləq yer almalı olduğunu vurğulayıb:
“Rəngli tərəvəz və meyvələr immuniteti olduqca artırır. Belə ki, portağal, kivi, naringi, brokkoli, qırmızı bibər kimi C vitamini mənbələri bu siyahıya daxildir. Beta-karotenlə zəngin qidalar, yerkökü və balqabaq immun hüceyrələrin aktivliyini artırır.Alma, armud və digər mövsümi meyvələr bağırsaq mikroflorasını balansda saxlayır, immunitetin 70%-i məhz burada formalaşır. Bal və zəncəfil antibakterial və antivirus təsirə malikdir, 1 yaşdan yuxarı uşaqlara az miqdarda (yarım çay qaşığı) bal vermək məsləhətdir. Balıq və dəniz məhsulları olan losos, skumbriya, sardina kimi Omega-3 yağ turşulu balıqlar həftədə 1–2 dəfə menyuda olmalıdır”.
Mütəxəssis əlavə edib ki, uşaqların güclü immuniteti yalnız dərman və vitaminlərlə deyil, həm də sağlam həyat tərzi və balanslı qidalanma ilə təmin olunur.
Bəsti Rəfizadə
Sfera.az






