Ömrü uzadan 3 əsas qida - ADLAR

Uzunömürlü olmaq yalnız genetika ilə bağlı deyil. Mütəxəssislər bildirirlər ki, insanın gündəlik qidalanma vərdişləri sağlam həyatın və uzunömürlülüyün əsas açarıdır. Elm adamları ömrü uzatmağa, bədəni cavan saxlamağa və ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edən üç əsas qidanı açıqlayıblar.
Sfera.az xəbər verir ki, “The Economic Times” nəşrinin məlumatına görə, bu qidalar taxıllar, qoz-fındıq və təzə meyvə-tərəvəzlərdir.
Araşdırmalar göstərir ki, taxıllarla zəngin qidalanma ürək-damar xəstəliklərindən ölüm riskini azaldır.
“The American Journal of Clinical Nutrition” jurnalında edilən tədqiqata əsasən, uzun müddət taxıl məhsulları ilə qidalanan insanların ölüm göstəriciləri daha aşağı olub.
“Nutrients” jurnalında 2024-cü ildə yayımlanan məqalə isə taxılların bağırsaq mikroflorasını gücləndirdiyini və iltihabı azaltdığını ortaya qoyub.
Mütəxəssislər ağ düyü əvəzinə qəhvəyi və ya qırmızı düyü, ağ çörək yerinə isə qarışıq undan hazırlanan çörəklərdən istifadə etməyi tövsiyə edirlər.
“Journal of Nutrition & Metabolism” jurnalında 2025-ci ildə dərc edilən meta-analiz nəticələrinə görə, gündə yarım ovuc qoz-fındıq yeyən insanların ölüm riski, qoz-fındıq istehlak etməyənlərlə müqayisədə 20–30 faiz az olub.
Mütəxəssislər bildirirlər ki, qoz-fındıq ürək sağlamlığını qoruyur, damar elastikliyini artırır və 2-ci tip diabet riskini azaldır.
2019-cu ildə aparılan tədqiqatlara əsasən, gündəlik qoz istifadəsi sistolik qan təzyiqini orta hesabla 4,6 mm Hg aşağı salır.
Qidalanma mütəxəssisləri hər gün bir ovuc qoz, badam və ya fıstıq qəbul etməyi, həmçinin salatlara və səhər yeməklərinə bu qidaları əlavə etməyi tövsiyə edir.
Təzə meyvə və tərəvəzlər vitamin, mineral və antioksidant baxımından ən zəngin qida qrupudur.
“Nature Food” jurnalında aparılan tədqiqat nəticələrinə görə, meyvə və tərəvəzlə zəngin qidalanma zehni sağlamlığı və idrak qabiliyyətini artırır.
“Public Health Nutrition” jurnalında 2023-cü ildə dərc edilən meta-analiz isə bu qidaların ölüm riskini azaltdığını sübut edib.
“Mavi zonalar” (yüz yaşdan çox yaşayan insanların yaşadığı bölgələr) üzərində aparılan araşdırmalar da bitki mənşəli qidalanmanın uzunömürlülük üçün əsas amil olduğunu göstərir.
Mütəxəssislər yeməklərin yarısını tərəvəzlərlə doldurmağı, meyvə şirəsi əvəzinə bütöv meyvə yeməyi və müxtəlif rəngli məhsullara üstünlük verməyi məsləhət görürlər.
Alimlər hesab edir ki, uzunömürlülüyün sirri tək bir “möcüzə qida”da deyil, sağlam qidalanma vərdişlərindədir.
Tam taxıllar, qoz-fındıq və meyvə-tərəvəzlərdən ibarət balanslı pəhriz yalnız orqanizmi cavan saxlamır, həm də ürək, beyin və bağırsaq sağlamlığını uzunmüddətli qoruyur.
Mütəxəssislərin fikrincə, bu sadə, lakin ağıllı qida seçimləri süni gənclik axtarışına girmədən, sağlam və balanslı yaşamağın əsas yoludur.
Bəsti Rəfizadə
Sfera.az






