Büdcədən tibbi sığortaya ayrılan vəsait kəskin azaldılır - AÇIQLAMA

2026-cı ildə dövlət büdcəsindən İcbari Tibbi Sığorta Fonduna 900 milyon manat ayrılması nəzərdə tutulur. Bu, 2025-ci ilin büdcəsində nəzərdə tutulan ayırmalardan 480 milyon manat azdır. Cari dövrdə Fonda büdcədən 1,38 milyard manat vəsait ayrılacaq.
Sfera.az xəbər verir ki, gələn il qeyd edilən xərclərdə 35 faizə qədər azalma baş verəcək.
Bu qədər azalmanın səbəbləri nədir, buna ehtiyac nədən yaranıb?
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, İcbari Tibbi Sığorta Fonduna dövlət büdcəsindən ayrılan vəsaitin azalması ilk baxışda mənfi tendensiya kimi görünsə də, bu, əslində sistemin maliyyə dayanıqlığının artması ilə bağlıdır:
“Son illərdə tibbi sığorta mexanizmləri genişlənib, fondun daxilolmaları təkcə büdcə vəsaiti deyil, digər mənbələr hesabına da formalaşır. Yəni dövlət yükünün bir hissəsi tədricən özəl sektor, müəssisə və fiziki şəxslərin üzərinə keçir. Bu isə beynəlxalq praktikada tam normal prosesdir.
Burada əsas məqsəd dövlət büdcəsi xərclərini azaltmaq deyil, sığorta sistemini daha çevik və effektiv mexanizmə çevirməkdir. Bu dəyişikliklərin vətəndaşın üzərinə əlavə maliyyə yükü qoyması, yaxud xidmətlərin azalması kimi təhlükələrdən söhbət getmir. Əksinə, məqsəd vəsaitlərin daha səmərəli istifadəsi və tibbi xidmətlərin keyfiyyətinin artırılmasıdır. Əslində burada söhbət vətəndaşın üzərinə əlavə yük qoyulmasından yox, iqtisadiyyatın sağlamlaşmasından gedir. İş yerlərinin açılması, kölgə iqtisadiyyatının daralması və işəgötürənlərin işçiləri rəsmi qeydiyyata alması nəticəsində həm sığorta haqları, həm də insanların gələcək pensiya təminatı güclənir”.

Millət vəkilinin sözlərinə görə, dövlətin məqsədi hər bir işləyən şəxsi sistemin bir hissəsinə çevrilməsini təmin etməkdir:
“Bu zaman fondun daxilolmaları təbii şəkildə artır və dövlət büdcəsinin üzərindəki yük azalır. Dünyanın inkişaf etmiş ölkələrində tibbi sığorta dövlət büdcəsi hesabına formalaşmır. Sistem yeni qurularkən dövlət bir növ tampon rolunu oynayır. Zamanla iqtisadiyyat inkişaf etdikcə bu yük tədricən sığorta fondunun öz mexanizmləri hesabına qarşılanır. Yəni bu, “azaltma” deyil, sistemin yetkinləşməsi prosesidir”.
Firuzə Əliyeva
Sfera.az






