Dabaq xəstəliyi bir çox ölkədə yayılıb - Vaksinasiya tam təsir etmir

Dabaq xəstəliyi bir çox ölkədə yayılıb - Vaksinasiya tam təsir etmir
Kateqoriya məlum deyil
T

Son aylarda Azərbaycanın bəzi rayonlarında iribuynuzlu mal-qara arasında dabaq xəstəliyinin yayılması müşahidə edilir. Bu xəstəlik heyvanların ağız və dırnaq bölgələrində ağrılı xoralar yaradır. Nəticədə heyvanlar qida qəbul edə bilmir, süd və çəki itkisi baş verir. Baytar müdaxiləsi edilmədikdə isə heyvanlar tələf ola bilər. Bu səbəbdən ölkədə müəyyən müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

 

Sfera.az xəbər verir ki, dünya üzrə dabaq xəstəliyinin yeni dalğası müşahidə olunub. Xüsusilə son aylarda Almaniya, Keniya, İndoneziya, Fransa, İtaliya və İspaniya kimi ölkələrdə virusun müxtəlif serotipləri aşkarlanıb.


Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, bu ölkələrin bəzilərində xəstəlik onilliklər sonra yenidən qeydə alınıb. Məsələn, Almaniyada dabaq 40 ildən sonra ilk dəfə 2025-ci ilin əvvəlində təsdiqlənib. Afrikanın şərqində və Asiyanın cənubunda isə yoluxma halları davam edilir.


Virusun yayıldığı ölkələrdə epidemioloji nəzarət tədbirləri adətən bir neçə həftə ilə iki ay arasında davam edir. Dabaq virusu heyvanın tük örtüyündə 50 gün, paltarda 100 gün, tövlədə 70 gün, yemdə 30-150 gün, torpaqda 40-150 gün, təzə süddə 4 °C-də 15 gün yaşaya bilər. Bu virus süddə 70 °C-də 15 dəqiqəyə, 80-100 °C-də bir neçə dəqiqəyə məhv olur.


Bildirilir ki, vaksinasiya xəstəliyin qarşısını almaq üçün vacib vasitədir, amma risk tam aradan qalxmır. Səbəb isə virusun yeddi fərqli serotipə malik olmasıdır. Bu da o deməkdir ki, peyvənd yalnız uyğun serotipə qarşı effektivdir. 


Xatırladaq ki, dabaq əsasən iribuynuzlu və xırdabuynuzlu heyvanlarda mal-qara, qoyun, keçi və camışlarda rast gəlinir. Xəstəliyin inkubasiya dövrü 1-7 gün arasındadır, simptomlara isə iştahanın azalması, ağız və dırnaqlarda yaralar, süd istehsalının aşağı düşməsi və gənc heyvanlarda ölüm daxildir.


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR