Qışda bu qidalardan çox yeyin - İmmuniteti gücləndirir

Qış aylarının soyuq və rütubətli havası immunitet sistemi üçün əlavə dəstək tələb edir. Mütəxəssislər bildirirlər ki, düzgün qidalanma immuniteti gücləndirməyin ən effektiv yollarından biridir. Bu mövsümdə xüsusilə vitamin və minerallarla zəngin qidaların istehlakı xəstəliklərdən qorunmaqda önəmli rol oynayır.
Qida eksperti Fərid Səfərov Sfera.az-a açıqlamasında bildirib ki, qış aylarında immuniteti gücləndirmək üçün xüsusilə vitaminlər, minerallar və antioksidantlarla zəngin qidalardan istifadə etmək məqsədəuyğundur.
Onun sözlərinə görə düzgün qidalanma bədənin infeksiyalara qarşı müqavimətini artırır və xəstəliklərdən qoruyur:
“C vitamini ilə zəngin qidalar immun hüceyrələrinin fəaliyyətini dəstəkləyir. Bu qidalar arasında sitrus meyvələri, portağal, limon, mandarin, qreypfrut, digər meyvələr, kivi, itburnu (çay kimi); həmçinin tərəvəzlərdən qırmızı bibər, brokoli, ispanaq, duzlu kələm yer alır.
D vitamini isə immunitet sisteminin düzgün işləməsi üçün vacibdir, xüsusilə qışda günəş işığı az olduğu üçün. D vitamini mənbələri arasında yağlı balıqlar (somon, skumbriya), yumurta sarısı və göbələk var. Həkim məsləhəti ilə D vitamini əlavələri də qəbul edilə bilər.
Sink immun sisteminin funksiyaları üçün əhəmiyyətlidir. Sink ilə zəngin qidalar arasında qırmızı ət, toyuq, balqabaq tumu, badam, qoz, paxlalılar (noxud, mərcimək) yer alır”.

Ekspert əlavə edib ki, probiotiklər və prebiotiklər bağırsaq sağlamlığı üçün vacibdir və nəticədə immuniteti gücləndirir:
"Probiotik mənbələr qatıq, kefir, turşu kələm, prebiotiklər isə sarımsaq, soğan və tam taxıllardır".
Fərid Səfərov ispanaq, brokoli, kök, şirin kartof istehlakının artırılmasının da immun sistemini gücləndirdiyini dedi. O ümumilikdə tərəvəz istehlakının artırılmasının insan sağlamlığı üçün əhəmiyyətli olduğunu vurğuladı:
"Təbii immunitet dəstəkləyiciləri kimi sarımsaq və soğan təbii antibiotik xüsusiyyətlərinə malikdir. Sarıkök və zəncəfil iltihab əleyhinə təsir göstərir, balıq Omega-3 ilə zəngindir və iltihabı azaldır, qoz-fındıq isə sağlam yağlar və E vitamini təmin edir”.
Müsahibimiz onu da dedi ki, kifayət qədər su içmək, müntəzəm və keyfiyyətli yuxu almaq, balanslı və müxtəlif qidalanma rasionu saxlamaq immunitetin güclənməsinə kömək edir.
Niyaz Hacıyev
Sfera.az






