Bu kosmetik məhsullar xərçəng yaradırmış - Həkimdən XƏBƏRDARLIQ

Bu kosmetik məhsullar xərçəng yaradırmış - Həkimdən XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
T

Qadınların gündəlik istifadə etdiyi makiyaj vasitələri bəzən gözəlliyi artırsa da, mütəxəssislər bu məhsulların sağlamlığa mənfi təsirlərinə diqqət çəkir. Kimyəvi tərkibli kosmetik vasitələrin allergik reaksiyalara, hətta xərçəngə səbəb ola biləcəyi iddiaları getdikcə daha çox müzakirə olunur.

 

Mövzu ilə bağlı tibb üzrə fəlsəfə doktoru, onkoloq Fərid Museyibov Sfera.az-a açıqlama verib. O bildirib ki, onkoloji xəstəliklərin artım səbəbləri arasında genetik faktorlar, həyat tərzi və ətraf mühitlə yanaşı, kosmetik vasitələrin də rolu az deyil:

 

 

“Ümumilikdə onkologiya tək bizim ölkədə deyil, bütün dünyada sürətlə yayılır. Bunun bir çox səbəbləri var – genetik faktorlar, həyat tərzləri, havanın çirklənməsi və son illərdə həm kişilər, həm qadınlar arasında geniş yayılmış makiyaj və qrim istifadəsi. Azərbaycan qadınları çox gözəldir, lakin bəzən gözəlliklərinə daha da gözəllik qatmaq üçün kimyəvi tərkibli vasitələrə müraciət edirlər. Bu, risk yaradır”.


Mütəxəssis xəbərdarlıq edib ki, xüsusilə ucuz və qeyri-orijinal kosmetik məhsulların tərkibində xərçəng əmələ gətirən maddələr: SLS, SSL, parabenlər və digər kimyəvi qatqılar ola bilər.


“Ucuz kosmetik vasitələrdən uzaq durmaq lazımdır. Çünki bu məhsulların tərkibində xərçəng riski yaradan kimyəvi birləşmələr çox olur. İstifadə zamanı miqdar və tezlik də önəmlidir. Bu məhsulları yalnız apteklərdən və etibarlı mağazalardan almağı, mütləq tərkibinə diqqət etməyi məsləhət görürəm. Həmçinin hialuron turşusu və antioksidantlarla zəngin olan kosmetik vasitələr daha təhlükəsiz seçimdir”.


Dermatoloq Tünzalə Feyziyeva isə kosmetik vasitələrin əks təsirlərinin məhsulun keyfiyyətindən və istifadə qaydasından asılı olduğunu vurğulayıb:


“Kosmetik vasitələrin müəyyən əks təsirləri var, bu da istifadə edilən məhsulun növü və keyfiyyətinə bağlıdır. Keyfiyyətli, orijinal məhsullar adətən problem yaratmır, lakin ucuz və düzgün istehsal edilməmiş vasitələr allergik reaksiyalar, qaşıntı, qızartı, səpkilər, ekzema kimi hallara səbəb ola bilər”.


Həkimin sözlərinə görə, makiyajdan tamamilə uzaq durmaq lazım deyil, amma düzgün seçim və təmizlənmə çox vacibdir:

 

“Makiyajdan istifadə etməmək seçim məsələsidir. Amma düzgün qulluq və təmizləmə qaydası ilə istifadə etdikdə zərəri olmur. Dərinin makiyajdan tam təmizlənməsi vacibdir. Ağır makiyajlar üçün iki mərhələli təmizləmə, yəni əvvəl hidrofil yağ, sonra miselyar su və ya təmizləyici gellər, gündəlik yüngül makiyajlarda isə ən azı bir mərhələli təmizləmə kifayətdir. Əks halda, makiyaj qalıqları dəridə toplanaraq müxtəlif problemlərə yol aça bilər”.


Mütəxəssislərin fikrincə, makiyaj məhsulları düzgün seçilib, təmizliyə və istifadə qaydasına əməl olunduqda ciddi zərər yaratmır. Lakin tərkibində zərərli kimyəvi maddələr olan, ucuz və saxta kosmetik vasitələr dəri xərçəngi, allergiya və digər dəri xəstəlikləri üçün risk faktoru sayılır.

 

Bəsti Rəfizadə
Sfera.az 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR