Depressiyada olduğumuzu necə bilək? - ƏLAMƏTLƏR

Depressiyada olduğumuzu necə bilək? - ƏLAMƏTLƏR
Kateqoriya məlum deyil
T

Depressiya müasir dövrün ən geniş yayılmış psixoloji problemlərindən biridir. Bu hal insanın emosional vəziyyətinə, düşüncələrinə və gündəlik fəaliyyətinə ciddi təsir göstərir. Kədərdən fərqli olaraq, depressiya uzunmüddətli və dərin bir emosional boşluq hissidir. İnsan özünü mənasız, yorğun, ümidsiz hiss edir, əvvəl zövq aldığı fəaliyyətlərə marağını itirir.


Bəs insanlar özündə depressiyanın olduğunu necə anlaya bilər?


Sfera.az-a açıqlama verən psixoloq Gövhər Məmmədova depressiyanın hər yaşda rast gəlinə bilən bir hal olduğunu dedi. 


O bildirib ki, əgər tez-tez özünüzü halsız, yorğun, həyəcanlı, bitkin və gərəksiz hiss edirsinizsə, bu vəziyyətlə bağlı düşünməyiniz vacibdir: 


“Belə hallar bir çox səbəbdən yarana bilər. Məsələn, ayrılıq, yaxın birinin itkisi, sosial həyat səviyyəsinin aşağı olması, bəzi dərmanların təsiri, hormonal disbalans depressiyanın yaranmasına səbəb ola bilər. Həmçinin uşaqlıqda alınan psixoloji travmalar, yetkinlik dövründə baş verən böyük dəyişikliklər və ya çətin həyat mərhələləri də depressiya üçün zəmin yaradır”. 

 


Psixoloq depressiyanın yenilənə bilən xüsusiyyətə malik olduğunu qeyd etdi. 

 

G.Məmmədova əlavə etdi ki, depressiyadan sonra bir dəfə yaxşılaşmağınız gələcəkdə bu əlamətlərin tamamilə təkrarlanmayacağı anlamına gəlmir: 


“Lakin depressiya düzgün şəkildə müalicə olunduqda, insan gələcəkdə oxşar vəziyyətlərlə daha təcrübəli və sağlam şəkildə mübarizə apara bilir. Sağlamlığınızı qorumaq üçün ilk növbədə yuxu rejiminizə diqqət yetirmək tövsiyə olunur. Əgər müəyyən müddət ərzində yuxusuzluqdan əziyyət çəkir və depressiya əlamətlərini özünüzdə müşahidə edirsinizsə, mütləq şəkildə mütəxəssis dəstəyi almaqdan çəkinməyin. Unutmayın, vaxtında atılan addımlar həm psixoloji, həm də fiziki sağlamlığınızı qorumağa kömək edir”.


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR