Qrip dərmanları bu təhlükələri yaradır

Qrip dərmanları bu təhlükələri yaradır
Kateqoriya məlum deyil
T

Soyuqdəymə və qripə qarşı ən çox istifadə olunan dərmanların – “Paracetamol” (Parastemol), “Theraflu”, “Griphot” və “Nimesil”in həddən artıq qəbul edilməsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. 


Sfera.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edirlər ki, bu preparatlar düzgün dozada faydalı olsa da, doza həddi keçildikdə qaraciyər, böyrək və həzm sisteminə zərər vurur, hətta həyati təhlükə yarada bilir.


“Paracetamol” (Parastemol) dünyada ən geniş istifadə edilən ağrıkəsici və hərarətsalıcıdır. Lakin gündə 4 qramdan çox qəbul edildikdə qaraciyərdə toksiki zədələnmə başlayır. Bu isə kəskin qaraciyər çatışmazlığına, sarılığa, qan laxtalanma pozğunluğuna, bəzi hallarda isə ölümlə nəticələnə bilən ağırlaşmalara gətirib çıxara bilər.

 

“Theraflu” və “Griphot” kimi kompleks preparatlar tərkibində parasetamol, fenilefrin, feniramin və digər maddələr saxlayır. Mütəxəssislər bildirirlər ki, bu dərmanların eyni vaxtda başqa parasetamol tərkibli preparatlarla istifadəsi çox asanlıqla “ikiqat doz” riskinə səbəb olur. Həddindən artıq qəbul hallarında qaraciyərlə yanaşı yüksək qan təzyiqi, ürək ritm pozğunluğu, yuxululuq və sinir sistemi pozğunluqları da müşahidə oluna bilər.


“Nimesil” (nimesulid) isə əsasən hərarət və ağrıya qarşı istifadə olunur. Həkimlər xəbərdarlıq edir ki, nimesulid qaraciyər üçün əlavə risk daşıyır və uzun müddət, yaxud yüksək dozada istifadəsi qaraciyər çatışmazlığı, böyrək problemləri və mədə-bağırsaq qanaxmaları yarada bilər. Bu səbəbdən bir çox ölkədə preparatın istifadəsinə məhdudiyyət qoyulub.


Soyuqdəymə zamanı bu preparatların qarışdırılması, xüsusilə "Paracetamol" + "Theraflu" + "Griphot" + "Nimesulid" birgə istifadəsi sağlamlıq üçün ən təhlükəli kombinasiyalardan sayılır. Çünki həm parasetamol, həm də nimesil eyni vaxtda qaraciyərə zərər vurur.


Əgər dərmanın həddən artıq qəbul edildiyindən şübhələnirsinizsə, mütəxəssislər dərhal həkimə və ya təcili yardıma müraciət etməyi tövsiyə edir. Erkən müdaxilə zamanı antidot müalicəsi (N-asetilsistein) qaraciyər zədələnməsinin qarşısını ala bilər.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR