"Səssiz qatil"dən necə qorunmaq olar? Ekspertdən önəmli tövsiyələr

Azərbaycanda hər il soyuq aylarda dəm qazından zəhərlənmə faktlarının rast gəlinir. Zəhərlənənlər arasında dünyasını dəyişən şəxslər də olur.
Təhlükənin ciddi olmasını nəzərə alan ekspertlər evlərin qızdırılması zamanı təhlükəsizlik tədbirlərinə əməl edilməsini məsləhət görürlər.
Təhlükəsizlik eksperti Orxan Musayev Sfera.az-a bildirib ki, dəm qazından zəhərlənməmək üçün bir sıra təhlükəsizlik tədbirləri görülməlidir:
“Qış mövsümünün gəlişi ilə əlaqədar dəm qazından zəhərlənmə hallarının artımı müşahidə olunmaqdadır. Dəm qazı rəngsiz, qoxusuz olduğuna görə insan instikti ilə bunu müəyyən etmək mümkün deyil. Lakin öncədən bir sıra təhlükəsizlik qaydaları və təhlükəsizlik tədbirləri görməklə, zəhərlənmə hallarının qarşısını almaq mümkündür. Dəm qazından zəhərlənmə halları ən çox vanna otaqlarında qeydə alınır. Buna görə də, ölkəmizdə mövcud olan qaydaların tələblərinə görə vanna otaqlarında qazla işləyən qurğuların quraşdırılması yolverilməzdir. Belə ki, mövcud qaydaların tələblərinə görə, qazla işləyən qurğular yalnız mətbəx otaqlarında quraşdırılmalıdır. Vanna otaqlarında yalnız elektriklə işləyən su qızdırıcı qurğuların quraşdırılmasına icazə verilir. Bundan əlavə olaraq, qazla işləyən su qızdırıcı qurğuların istismarı zamanı həmin otaqda mütləq havalandırma təşkil olunmalıdır. Vanna otaqlarında tüstü bacaların təmizlənməsi ildə iki dəfədən az olmayaraq həyata keçirilməlidir”.

Ekspert mətbəx otaqlarında qaz cihazlarının quraşdırılması zamanı həyata keçiriləcək tədbirləri də əlavə edib:
“Mətbəx otaqlarında qaz cihazları quraşdırılarsa, mətbəxin hündürlüyü minimum 2.2 metrdən daha yuxarı olmalıdır. Mətbəxlərdə mütləq pəncərələr olmalıdır. Bəzi hallarda mətbəxdə pəncərə ləğv olunur və yaxud daşla hörülür. Qaz cihazları yerləşən otaqlarda bunlar yolverilməzdir. Dəm qazının vaxtında aşkarlanması üçün ən effektiv vasitələrdən biri qaz dedektorları hesab olunur. Qaz dedektorlarının quraşdırılması Avropa ölkələrində geniş yayılıb. Avropada bunların quraşdırılması üçün lisenziyalaşdırılmış şirkətlər mövcuddur. Ölkəmizdə təəssüf ki, qaz dedektorlarının quraşdırılması ilə bağlı hələ də, effektiv işlər aparılmır. Lakin fərdi olaraq hər bir insan özü üçün müəyyən satış məntəqələrindən, satış yerlərindən qaz dedektorlarından alıb istifadə edə bilər. Dəm qazından qorunmağın ən düzgün yolu da havalandırmanın təşkil olunmasıdır”.
Niyaz Hacıyev
Sfera.az






