Dünyada gənclər arasında bağırsaq xərçəngi hallarının artması həkimlərin diqqət mərkəzindədir.
Sfera.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, xəstəliyin çox vaxt nəzərdən qaçan beş səssiz əlaməti mövcuddur.
Bağırsaq xərçənginin gizli əlamətləri:
Dəmir çatışmazlığı anemiyası
Yorğunluq, solğun dəri, nəfəs darlığı və başgicəllənmə ilə özünü göstərə bilər. Şişin səbəb olduğu daxili qanaxma dəmir itkisinə yol aça bilər.
Bağırsaq vərdişlərində dəyişikliklər
Səbəbsiz qəbizlik, ishal və ya qələm kimi nazik nəcis, bağırsağın şiş tərəfindən daraldığını göstərə bilər. Ani və ya səbəbsiz arıqlama. Pəhriz və məşq dəyişmədən çəki itkisi, orqanizmin artan enerji tələbatı və qida udulmasına maneə yaradan şişlərlə bağlı ola bilər.Şişkinlik və qarın ağrısı. Yeməkdən sonra davamlı kramplar və dolğunluq hissi də xərçəngin əlaməti ola bilər.
Nəcisdə qan
Tünd qırmızı və ya qara rəngli nəcis daxili qanaxmaya işarə edə bilər. Bu, çox vaxt hemoroidlə qarışdırılır.
Mütəxəssislər bildirirlər ki, xəstəlik erkən aşkarlanarsa, hər 10 xəstədən 9-u ən azı beş il yaşaya bilir. Ancaq xərçəng irəlilədikdə bu göstərici 10 faizə qədər enir. İngiltərənin Milli Səhiyyə Xidməti (NHS) üç həftədən çox davam edən simptomların həkimə bildirilməsini tövsiyə edir.
Bağırsaq xərçəngi halları əsasən 50 yaşdan yuxarı şəxslərdə qeydə alınsa da, gənclər arasında da ciddi artım müşahidə olunur. Böyük Britaniyada illik artım tempi 3,6 faiz, ABŞ-də isə 2 faizdir. Oxşar tendensiya dünya üzrə izlənilən 50 ölkədən 27-də qeydə alınıb.
Fidan Hacızadə
Sfera.az