Uşaqlara evdə sistem köçürtmək risklidir: "Bu, hüquqi məsuliyyət də yaradır"

Uşaqlara evdə sistem köçürtmək risklidir: <span style="color:#ff0000">&quot;Bu, hüquqi məsuliyyət də yaradır&quot; </span>
Kateqoriya məlum deyil23.09.25, 10:153 👁️
T

Bərdə rayonunda 6 yaşlı uşaq evdə sistem köçürüldükdən sonra dünyasını dəyişib.

 

Bu fakt sistem köçürülməsi zamanı tibbi göstərişlərə əməl edilməsinin vacib olduğunu göstərir. Təəssüflər olsun, bir çox hallarda valideynlər, tibb xidməti göstərən şəxslər bunun məsuliyyətini anlamır və nəticədə bu cür faciəvi hallar yaşanır. 


Bərdədə 6 yaşlı uşağın başına gələnlər həm də hüquqi məsuliyyət yaradan faktdır. Belə hallarda valideynlər və ya tibb xidməti göstərən şəxslər məsuliyyət daşıya bilər.


Məsələyə münasibət bildirən terapevt Zaur Orucov Sfera.az-a dedi ki, burada 3 nüansa hökmən diqqət yetirilməlidir.

 

"Bunlar etik, hüquqi və sübuta əsaslanmış tibb çərçivələrdir", - deyən Z.Orucov hər 3 məsələnin böyük önəm kəsb etdiyini vurğuladı:

 

"Etik çərçivəni götürsək, deyə bilərəm ki, 6 yaşlı uşağa ev şəraitində "sistem" qoşulması çox böyük məsuliyyətdir. Uşağın orqanizmi daha həssasdır, maye yükü, dərman dozası və texniki səhvlər ani ağırlaşmalara səbəb ola bilər. Valideynlər bəzən "tez kömək olsun" deyə evdə sistem istəyirlər, amma burada risk çox zaman faydadan böyükdür. Etik olaraq həkim uşağın təhlükəsizliyini üstün tutmalı və yalnız real tibbi göstəriş olduqda, lazımi şəraitdə infuziya etməlidir. Təəssüf ki, reallıqda bəzən bu prosedurlar həkim nəzarəti olmadan yalnız tibb bacısının və ya aptekin məsləhəti ilə icra olunur. Bu isə tam faciədir, çünki nə uşağın vəziyyəti obyektiv qiymətləndirilir, nə də ağırlaşma zamanı vaxtında yardım göstərmək mümkündür”.

 

 

Z.Orucov qeyd etdi ki, ev şəraitində sistem köçürülməsinə xüsusi hallarda icazə verilir:

 

"Qanunvericilikdə tibbi müdaxilələr, xüsusilə venadaxili infuziyalar, yalnız lisenziyası olan tibb müəssisəsində və ya təcili yardım xidməti çərçivəsində icazəlidir. Ev şəraitində sistem qoşulması yalnız həkim göstərişi ilə, təcrübəli tibb işçisinin iştirakı və bütün təhlükəsizlik qaydaları gözlənilməklə mümkündür. Uşaq yaşında isə bu, demək olar ki, yalnız istisna hallarda qəbul olunur. Əks halda hüquqi məsuliyyət yarana bilər”.

 

Həkim ev şəraitində sistem köçürülməsinə adətən bəzi xəstəliklərə görə icazələrin verildiyini də söylədi:

 

"Sübuta əsaslanmış təbabətdə evdə infuziya terapiyası həm uşaqlarda, həm böyüklərdə tətbiq oluna bilər. Məsələn, evdə antibiotik kursu, palyativ yardım, onkoloji xəstələrin maye müalicəsi və s. ola bilər. Amma bunun üçün xüsusilə qərbdə "home care" adlanan proqramları, təlim keçmiş tibb bacıları, avadanlıq və ciddi nəzarət mexanizmləri olmalıdır. Azərbaycanda bu sistem hələ geniş qurulmadığı üçün çox vaxt evdə sistem qoşulması təhlükə yaradır. Ona görə də əsas qayda, evdə müalicə aparılırsa, bu, ancaq həkimin rəsmi göstərişi və təcrübəli personal vasitəsilə icra olunmalıdır”. 

 

Baş verən hadisəni hüquqi tərəfən şərh edən hüquqşünas Babək Umudov xatırlatdı ki, bu iş prokurorluqda araşdırılır:

 

 

“Məsuliyyət məsələsinə gəldikdə sual yaranır ki, sistemi uşağa kim vurub? Valideynlər vurubsa, onların tibbi savadı olubmu? Əgər sistemi vuran tibb işçisi olubsa, onun belə bu işi görmək üçün biliyi və səlahiyyəti varmı? Sistem vurulması barədə həkim rəyi, tövsiyyəsi olubmu? Sistem vurulmazdan əvvəl evə təcili yardım çağrılıbmı?
Hadisənin cinayət əməli kimi qiymətləndirilməsi üçün əməldə təqsir olmalıdır. Təqsirin də qəsd və ehtiyatsızlıq formasında iki növü vardır. Hər bir halda uşağın tibbi ekspertizası aparılmalıdır. Ondan sonra aydın olacaqdır ki, uşağın ölümünə səbəb məhz sistem vurulmasıdır, yoxsa sistem vurulmasaydı ölmək ehtimalı vardımı? Yaxud başqa tədbir görülməli idimi? 
İstintaqın sonunda hər şeyin aydınlaşdırılacağına ümid edirəm”.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...