Alimlər insanın sağlamlıq tarixinə əsaslanaraq minlərlə xəstəliyin riskini illər öncədən müəyyən edə bilən “Delphi-2M” adlı süni intellekt modelini təqdim ediblər.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, sistem Böyük Britaniyada yarım milyon insanın tibbi məlumatlarını ehtiva edən “UK Biobank” verilənlər bazasında öyrədilib.
Model “ChatGPT”yə bənzər transformator texnologiyası ilə işləyir və diaqnozların hansı ardıcıllıqla meydana çıxdığını öyrənir. Mütəxəssislərin sözlərinə görə, bu yanaşma tibbi məlumatların dil qaydaları kimi işlənməsinə bənzəyir.
“Delphi-2M” fərdin risk səviyyəsini müəyyən edərək infarkt və digər xəstəliklər üçün erkən xəbərdarlıq verə bilir. Model Danimarkadan toplanan iki milyon insanın səhiyyə məlumatlarında da sınaqdan keçirilib və müsbət nəticələr göstərib.
Alimlər bildiriblər ki, sistem hələ klinik istifadəyə tam hazır deyil. İngilis tədqiqatçısı Peter Bannister-in sözlərinə görə, istifadə olunan məlumatlar yaş, etnik mənsubiyyət və digər amillərə görə qərəzli ola bilər.
Ekspertlər hesab edirlər ki, bu cür texnologiyalar gələcəkdə səhiyyədə inqilab edə bilər. “Delphi-2M” sayəsində xəstələr daha yaxından izləniləcək, qabaqlayıcı tədbirlər vaxtında görüləcək və eyni anda minlərlə xəstəliyin uzunmüddətli riski proqnozlaşdırıla biləcək.
Fidan Hacızadə
Sfera.az