ABŞ-də yaşayan sağlamlıq məşqçisi və sosial media fenomeni yeddi gün ərzində yalnız su içərək heç bir qida qəbul etməyib. O, bu təcrübəni bədənini, zehnini və ruhunu yeniləmək imkanı kimi qiymətləndirib.
Uzun müddət ac qalmaqla bağlı fikirlər müxtəlifdir.
Sfera.az-a açıqlama verən diyetoloq-terapevt Ləman Süleymanova bildirib ki, insanın fiziki inkişafında qidalanma əsas rol oynayır.
Onun sözlərinə görə, normal qidalanmadan uzaqlaşmaq risklidir:
"İnsan dünyaya gəldiyi ilk gündən ana südü ilə qidalanır. Bununla sanki Allah bizə deyir ki, insanın bütün həyatı boyunca qidalanma əsas rol oynayacaq. Qida və su insan üçün həyati dəyərə malikdir. Bu proses orqanizmin toksinlərdən təmizlənməsi ilə də bağlıdır.
Tibbi baxımdan insan qidasız maksimum 3 gün qala bilər. Bu müddətdə hormonların fəaliyyəti və maddələr mübadiləsi sürətlənir, orqanizmdə təmizlənmə mexanizmi işə düşür. Lakin çox vaxt insanlar bu həddi aşır, düzgün qidalanmır və sağlam olmayan həyat tərzi keçirirlər. Nəticədə analizlərdə xolesterin yüksəlir, qaraciyərdə piylənmə yaranır və digər problemlər müşahidə olunur”.
Diyetoloq qeyd etdi ki, acqalma müddəti 4-cü günə keçdikdə beyindən orqanlara siqnallar ötürülür, beyin mədəaltı vəzə və qaraciyərə xəbərdarlıq edir. O söylədi ki, bu mərhələdə halsızlıq, yorğunluq, başgicəllənmə və ağrılar meydana çıxır:
“Qeyd etmək lazımdır ki, deyilənlər yalnız sağlam insana aiddir. Əgər şəxs analizlərdən və USM müayinəsindən keçib heç bir problem aşkarlanmazsa, həkim tərəfindən ona qısa müddətli aclıq proqramı təyin oluna bilər. Amma 3 gündən çox ac qalmaq həm əhval-ruhiyyəyə mənfi təsir göstərir, həm də həyati risk yaradır.
Xüsusilə səhhətində müəyyən problemləri olan şəxslərə, yüksək arterial təzyiq, ürək-damar xəstəlikləri, miqren və s. hallarda hətta 1 gün belə ac qalmaq məsləhət görülmür. Buna görə də hər bir insan sağlam qalmaq üçün qidalanmasına diqqət etməli və orqanizmini lazımi qədər qida ilə təmin etməlidir”.
Fidan Hacızadə
Sfera.az