Dünyada xərçənglə bağlı aparılan beynəlxalq tədqiqatlar maraqlı nəticələr ortaya qoyub.
Sfera.az xəbər verir ki, “World Population Review” və “Dana-Farber Cancer Institute” un məlumatına görə, hər 100 min nəfər üzrə ən az xərçəng xəstəliyi yayılan ölkə Niger (40,4 nəfər), Qambiya (42 nəfər) və Nepalda (70.4 nəfər) qeydə alınıb.
Bununla belə, ekspertlər hesab edirlər ki, bu ölkələrdə diaqnostika sistemlərinin zəifliyi real göstəricilərin daha yüksək ola biləcəyini göstərir.
Xərçəngin az rastlandığı xüsusi qruplar da var. Amerikada Asiya və Sakit Okean adalı icmalar, eləcə də hispaniklər digər etnik qruplarla müqayisədə daha aşağı risk daşıyır.
Maraqlı faktorlardan biri də Yaponiyanın Okinava adası ilə bağlıdır. Burada yaşayan insanların həyat tərzi və qidalanma mədəniyyəti sayəsində süd vəzi və prostat xərçəngi halları 25%, bağırsaq xərçəngi isə 50% daha az müşahidə olunur.
Digər diqqətçəkən nümunə isə “Seventh-day Adventist” adlı dini icmadır. ABŞ-də aparılan uzunmüddətli araşdırmalar göstərir ki, bu qrupda xərçəng səbəbindən ölüm kişilərdə 40%, qadınlarda isə 24% daha azdır. Onlarda xüsusilə ağciyər, bağırsaq və süd vəzi xərçəngi halları digər əhali ilə müqayisədə daha aşağıdır.
Araşdırmalarda həmçinin Zərdüşti Parsi icmasının bəzi xərçəng növlərinə (ağciyər, baş-boyun, qida borusu) daha az yoluxduğu müşahidə edilib.
Mütəxəssislər bu nəticələri əsasən həyat tərzi, qidalanma vərdişləri, dini inanclar və genetik faktorlarla əlaqələndirirlər.
Beləliklə, araşdırmalar göstərir ki, təbiətə yaxın yaşayan, sadə və sağlam qidalanan, həmçinin siqaret və spirt kimi risk amillərindən uzaq olan icmalarda xərçəng hallarının daha az olduğu müşahidə olunur.
Fidan Hacızadə
Sfera.az