Azərbaycanda anaların bəziləri uşaqlarına peyvənd vurdurmaqdan imtina edirlər. Valideynlərin bu addımı atmasının əsas səbəbi inamsızlıq, peyvəndlərin faydalı olmadığına, hətta müəyyən zərərlər yaradığına dair qənaətin olmasıdır.
Məsələ ilə bağlı Sfera.az-a danışan səhiyyə eksperti Adil Qeybulla bildirdi ki, Dünya Səhiyyə Təşkilatının təsdiqlədiyi və tövsiyə etdiyi 13 adda peyvənd dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da milli peyvənd təqviminə daxil edilib:
“Azərbaycan da bu prinsipləri qəbul edib və bizdə uşaqlar peyvənd olunmalıdır. Təəssüf ki, analar müxtəlif bəhanələrlə, kiminsə sözü ilə və ya yayılan şaiyələrə inanaraq uşaqları peyvənddən yayındırırlar. Nəticəsini isə dəfələrlə görmüşük. Məsələn, qızılca virusu geniş yayılanda valideynlər məcburən vaksin axtarmağa başladılar. Halbuki bu xəstəlik peyvəndlə qarşısı alınan bir xəstəlikdir. Peyvənd olunmayan uşaq həm özü, həm də ətrafı üçün təhlükədir. Ona görə də peyvənd yalnız fərdi seçim deyil, ümummilli məsələdir və icbari olmalıdır”.
Ekspert qeyd edib ki, peyvəndlərə qarşı etimadsızlıq valideynlərin düşüncələrindən yox, yanlış məlumatlardan qaynaqlanır:
“Biz anaların şəxsi fikirləri ilə yox, dünyanın müəyyən etdiyi elmi əsaslarla hərəkət etməliyik. Milli peyvənd təqvimi təsadüfi hazırlanmayıb. Bu qaydalara əməl edilməlidir”.
Məsələyə pediatr Elşən Tağıyev də münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycanda peyvənddən imtinanın ən çox rast gəlinən səbəbi əlavə təsirlərlə bağlıdır:
“Əvvəllər Hindistan istehsalı olan, göy öskürəyə qarşı tam hüceyrəli peyvənd istifadə olunurdu. Bu peyvənddən sonra demək olar ki, hər 10 uşaqdan 9-da əlavə təsirlər – yüksək hərarət, narahatlıq, qızartı və şişkinlik müşahidə edilirdi. Bu da valideynlərin qorxmasına və peyvənddən imtina etməsinə səbəb olurdu. Təəssüf ki, sosial şəbəkələrdə aparılan peyvənd əleyhinə təbliğata bəzən həkimlər də qoşulur. Bu da vəziyyəti daha da ağırlaşdırdı”.
Elşən Tağıyev bildirib ki, peyvəndin autizm yaratdığı barədə yayılan iddialar da tamamilə əsassızdır:
“Elmi araşdırmalar sübut edib ki, peyvəndlə autizm və ya digər xəstəliklər arasında heç bir əlaqə yoxdur. Son iki ildir ki, poliklinikalarda Avropa istehsalı olan, yüksək keyfiyyətli yeni nəsil peyvəndlərdən istifadə olunur. Bu peyvəndlərdən sonra əlavə təsirlər demək olar ki, müşahidə edilmir. Buna görə də son illərdə peyvənddən imtina halları minimuma enib”.
Pediatr əlavə edib ki, əsas problem valideynlərin məlumat azlığından qaynaqlanır:
“Bir çox valideyn peyvəndin hansı xəstəliklərdən qoruduğunu bilmir. Amma maarifləndirmə işi aparıldıqda, peyvəndin faydaları izah edildikdə heç bir ana uşağını bundan məhrum etmək istəmir. Çünki valideyn övladının pisliyini istəməz, hər kəs uşağı üçün ən yaxşısını etməyə çalışır”.
Beləliklə, həkimlərin fikrincə, peyvənddən imtinanın qarşısını almağın ən effektiv yolu düzgün maarifləndirmə və ictimai şüurun artırılmasıdır.
Bəsti Rəfizadə
Sfera.az